Britaniya: Rusiyanın Ukraynaya endirdiyi zərbələr mülki əhaliyə, səhiyyə və istilik sisteminə təsir edir

Britaniya Müdafiə Nazirliyinin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik hesabatında "Rusiyanın enerji istehsalı və ötürülmə sistemlərinə endirdiyi zərbələr Ukraynadakı mülki əhaliyə, səhiyyə və istilik kimi mühüm obyektlərə qeyri-mütənasib təsir edir" deyilib.

"Hərbi hədəflər əvəzinə mühüm ölkə infrastrukturun davamlı şəkildə priotet olaraq hədəf alınması Rusiyanın mülki əhalinin əhval-ruhiyyəsinə zərbə vurmaq niyyətinə işarə edir"hesabatda deyilib.

Twitter-dəki hesabatda "Oktyabrın 10-dan etibarən Rusiya Ukraynaya elektrik enerjisi infrastrukturunu hədəf alan zərbələr kampaniyası ilə hücum edir. Ən son intensiv zərbələr oktyabrın 31-də olub ki, ilk dəfə olaraq su elektrik bəndi obyektlərinin hədəfə alınması bununla başlayıb. Zərbələr ötürücü stansiyalara və elektrik stansiyalarına geniş ziyan vurub. Ukraynanın bəzi bölgələrində işıqların planlı şəkildə və fövqəladə kəsilməsi adi hala çevrilib və Kyiv bundan xüsusilə təsirlənib" deyə, yazılıb.

Rusiya qoşunlarını Xersondan çıxardığını elan etdikdən sonra Prezident Volodimir Zelenski cümə axşamı Ukrayna qüvvələrinin ölkənin cənubunda 40-dan çox şəhəri geri aldığını bildirib.

"Davam edən müdafiə əməliyyatı çərçivəsində öz layiqli yerinə qayıdan Ukrayna bayraqlarının sayı artıq onlarladır. 41 yaşayış məntəqəsi azad edilib" Zelenski gecə video-müraciətində deyib.

Dnepr çayı üzərində yerləşən strateji liman şəhəri olan Xerson fevralın 24-də Rusiya qüvvələrinin Ukraynaya hücumundan bir neçə gün sonra ələ keçirilib.

Çərşənbə günü Moskva Xersonun da daxil olduğu Dnepr çayının qərb sahilindən çəkilmək kimi "çətin qərar" verdiyini açıqlayıb.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, cümə axşamı Rusiya Müdafiə Nazirliyi hərbi bölmələrinin ərazini tərk etdiyini bildirib.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov Reuters agentliyinə Rusiya qoşunlarının şəhəri tərk etməsinin bir həftə çəkəcəyini deyib. Reznikov Moskvanın hələ də bölgədə 40 min əsgərinin qaldığını bildirib və deyib ki, kəşfiyyatının verdiyi məlumata görə, Rusiya qüvvələri hələ də şəhərdə və ətrafında qalıb.

France-Presse xəbər agentliyi bildirib ki, Xerson vilayətinin qalan hissəsi Rusiyadan Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına aparan quru yolu təşkil edir. Xerson həm də Rusiya Prezidenti Vladimir Putinin sentyabr ayında ilhaq etdiyini iddia etdiyi dörd vilayətdən biridir ki, ABŞ və digər ölkələr bunun qanunsuz olduğunu deyir.

Bu arada Pentaqon cümə axşamı ABŞ-ın Ukraynaya yeni 400 milyon dollarlıq təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq, hava hücumundan müdafiə sistemləri və yer-hava raketləri göndərəcəyini açıqlayıb.

Associated Press-in məlumatına görə, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərə açıqlamasında "Rusiyanın Ukraynanın mülki və kritik infrastrukturuna amansız və qəddar hava hücumları davam etdiyinə görə hava hücumundan əlavə müdafiə imkanları çox vacibdir" deyib.

Pentaqon bildirib ki, paketə Ukraynaya ilk dəfə təqdim olunacaq dörd qısamənzilli, son dərəcə mobil "Avenger" hava hücumundan müdafiə sistemi, eləcə də onların istifadə etdikləri "Stinger" raketləri daxildir.

Zelenski yardıma görə ABŞ Prezidenti Co Baydenə və Amerika xalqına təşəkkür edib və Twitter səhifəsində "Biz birlikdə (ukraynalı) mülki əhalini qorumaq üçün hava qalxanı qururuq. Təcavüzkar üzərində qələbəni yaxınlaşdırırıq" yazıb.

Bu yardım paketi ilə Rusiya qüvvələrinin fevral ayında Ukraynaya hücumundan sonra ABŞ-ın bu ölkəyə təhlükəsizlik yardımının ümumi məbləği 18,6 milyard dolları keçir.