Britaniya terrorizmdə şübhəli bilinən və cümə axşamı həbsxanadan ərzaq daşıyan furqonun altında gizlənərək qaçan keçmiş ordu əsgərini ələ keçirəcəyinə söz verib.
Daniel Abid Xəlifənin çərşənbə günü işlədiyi, güclü qorunan London həbsxanasının mətbəxindən mikroavtobusun döşəməsində gizlənərək qaçdığı güman edilir.
Britaniyanın ədliyyə naziri Aleks Çolk cümə axşamı parlamentə açıqlamasında "Daniel Xəlifə tapılacaq və o, ədalətlə üzləşəcək" deyib.
21 yaşlı terror şübhəlisi hazırda sahil və hava limanlarında gücləndirilmiş təhlükəsizlik yoxlamalarını əhatə edən ümummilli axtarışdadır. Lakin Britaniya polisi cümə axşamı gecə bildirib ki, Xəlifənin təsdiqlənmiş heç bir görüntüsü olmayıb.
May ayında Britaniya ordusundan tərxis olunan keçmiş əsgər terrorizm və Rəsmi Sirrlər Qanunu ilə bağlı cinayətlərə görə məhkəməni gözləyirdi.
BBC xəbər agentliyinin bildirdiyinə görə, Xəlifə Britaniyadakı ordu bazasına saxta bombalar yerləşdirməkdə və Böyük Britaniya Müdafiə Nazirliyinin məlumat bazasından əsgərlər haqqında həssas şəxsi məlumatlar toplamaqda ittiham olunur. O, həmçinin İran üçün məlumat toplamaqda ittiham olunur,
Xəlifə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Çolk cümə axşamı həmçinin parlamentdə həbsxananın protokolları və Xəlifənin harada saxlandığı ilə bağlı qərarın dərhal araşdırılacağını deyib. O, ikinci müstəqil araşdırmanın daha sonra aparılacağını bildirib.
"Baş verənlərin dərinliyinə getmək üçün daş daş üstündə qalmamalıdır" Çolk deyib.
Baş müstəntiq və polis komandiri Dominik Merfinin sözlərinə görə, işlə bağlı 150-dən çox müstəntiq və polis işçisi çalışır.