Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə referendumun nəticələri dünya bazarında olduğu kimi, Azərbaycanın da valyuta bazarına təsirlər edib.
Bununla bağlı iqtisad elmləri doktoru Qubad İbardoğlu analitik yazı və Azərbaycan Dövlət Neft Fondu (DNF) açıqlama yayıb.
Qubad İbadoğlu facebook səhifəsində dərc etdiyi yazısında bildirir ki, DNF bir gündə 468,2 milyon dollar məzənnə itkisinə məruz qalıb, Azərbaycan nefti 5 faizə qədər ucuzlaşıb.
İlk öncə İbadoğlunun məqaləsini təqdim edirik:
Dünya bazarları İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra təlatüm içərisindədir. Son dövrlər sabitliyi ilə seçilən ingilis funt-sterlinqi dünyanın əsas valyutaları qarşısında dəyərini kəskin itirib. İngilis pulunun dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirləri vardır. Birbaşa təsir ilk növbədə aktivlərinin 5 faizə qədərini ingilis funt sterlinqində və 35,5 faizini avropda saxlayan, eləcə də Londonda, Parisdə və Milanda əmlaka malik olan Dövlət Neft Fonduna (DNF), hər iki valyuta ilə yığımları və əsasən də Londonda mülkü, biznesi olan Azərbaycan şirkətləri və vətəndaşlarınadır.
Gəlin əvvəlcə DNF-yə diqqəti çəkək. Bu il aprelin 1-nə olan məlumata görə, DNF-nin aktivlərinin valyuta səbətində 1 milyard 150 milyon 700 min funt-sterlinqdə və 10 milyard 655 milyon 800 min avroda vəsait var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq dollara nəzərən 1 gündə 7.66 faiz, avro isə 2,64 faiz dəyər itirib.
Hesablamalar göstərir ki, DNF-nin valyuta səbətində olan funt sterlinqin dollarla müqayisədə 7,66 faiz dəyər itirməsinə görə, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar, avronun dollara nisbətən 2,64 faiz dəyərsizləşməsinə görə isə 281.3 milyon avro və ya 326 milyon dollar məzənnə fərqindən itki yaranıb. Hər iki valyuta üzrə DNF-nin məzənnə itkisi 441 milyon dollar olub.
DNF-nin aktivləri dollar ifadəsində 1 gündə 468.2 milyon azalıb.
Qubad İbadoğlu
Bununla yanaşı, DNF-nin Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və ilkin satış dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi, habelə Parisdə ilkin satış dəyəri 135 milyon avro olan ofisi, eləcə də Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan “Palazzo Turati” ofis binasından ibarət daşınmaz əmlak kompleksi də Britaniyanın Avropa Birliyində çıxma qərarından sonra məzənnə itkilərinə məruz qalıb. Hesablamalara görə, Londondakı ofis kompleksi məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdəki ofis kompleksi 4.8 milyon avro və ya 5.6 milyon dollar, Milandakı ofis kompleksi isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Bütövlükdə əmlakın dəyərsizləşməsindən DNF-nin 3 Avropa şəhərindəki əmlakları bir gündə 27,2 milyon dollar dəyərsizləşib.
Beləliklə, Britaniyanın Avropa Birliyindən çıxması qərarından sonra valyuta bazarlarında baş verən dəyişikliklər nəticsəində DNF-nin aktivləri dollar ifadəsində 1 gündə 468.2 milyon azalıb.
Yeri gəlmişkən onu da qeyd edim ki, bu hesablamalar məzənnə dəyişilliyindən asılı olaraq azala və ya arta bilər. Dolayı təsirə gəlincə, bu daha çox əmtəə bazarlarına təsirlərdən qaynaqlanıb. Belə ki, Brexit qərarından sonra dünya bazarlarında Azərbaycan neftinin qiyməti 5 faizədək ucuzlaşıb. Bu da təbii ki, Azərbaycanın ixracat gəlirlərinin azlmasını şərtləndirir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) açıqlamasında deyilir ki, Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub.
“Bu, ilk növbədə, özünü qlobal səhm və valyuta bazarlarında göstərib. Belə ki, bütün əsas səhm indeksləri 5%-dən çox düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10% və 3% enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib”.
ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır.
Dövlət Neft Fondu
Açıqlamada bildirilir ki, ARDNF hazırda səhm yatırımları ümumi vəsaitlərin təqribən 10%-ə qədərini təşkil edir. Digər 90% isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalmış və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub: “Nəhayət, valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır. ARDNF-nin istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır”.
ARDNF-nin İnvestisiya siyasətinə əsasən Fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i Avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ında nəzərdə tutulmuş - Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
Onu da qeyd edək ki, artıq son günlər Azərbaycan manatı dollar nisbətdə ucuzlaşmaqda davam edir. İyunun 24-ü və 25-də bəzi banklarda 1 dollar 1,58 manata alınıb, 1,594 manata satılıb. Bununla yanaşı, bir sıra banklar dollar satışını dayandırıb. Bəzi banklar isə adam başına 500 dollardan artıq satmır.
Mərkəzi Bankın məlumatına görə, iyunun 24-də 1 USD=1.5332 AZN,1 EUR=1.6787AZN müəyyən edib.
Ekspertlər manatın ucuzlaşmaqda davam edəcyini bildirir.