Böyük Britaniya Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə döyüşən üsyançılara zirehli geyimlər, polis uniformaları və kommunikasiya avadanlıqları göndərdiyini bildirir.
Xarici işlər naziri Villiam Haq deyib ki, Britaniya Liviyanın müxalif Milli Keçid Şurasına sadiq polisləri 5000 zirehli geyim, 6650 polis uniforması, və uzaqdan asanlıqla seçilən gödəkçələrlə təmin edir.
Onun sözlərinə görə, avadanlıqlar polislərə funksiyalarını daha təhlükəsiz həyata keçirməyə və müxalifət nümayəndələrini,o cümlədən üsyançıların nəzarətində olan ərazilərdə beynəlxalq yardım icmalarını daha yaxşı mühafizə etməyə imkan yaradacaq.
Qeyd edək ki, dünən Fransa Liviya üsyançılarını silahla təmin etmək addımını müdafiə edib. Fransa bildirib ki, bu addım BMT silah embarqosunu pozmur, çünki bu silah-sursat mülki vətəndaşları qorumaq üçün vacibdir.