Sənayesi inkişak etmiş və inkişaf etməkdə olan ölkələrin liderləri Torontoda keçirilən sammitdə dünyanın zəngin ölkələrini qarşıdan gələn 3 il ərzində defisiti yarıya endirməyə çağırdıqdan sonra vətənlərinə dönmüşlər. Dünya ölkələrinin defisiti yarıya endirməsi haqda planını Kanadanın baş naziri Stefen Harper Torontoda keçirilən Böyük 20-lər sammitinin başa çatdığı vaxt elan etdi. Dünya ölkələri maliyyə ixtisarlarını iqtisadiyyatlarındakı vəziyyətlə uyğunlaşdıraraq endirəcəklər.
Birləşmiş Ştatlar prezidenti Barak Obama ölkəsindəki defisiti 2013-cü ilə qədər yarıya endirəcəyini bildirsə də, maliyyə ixtisarlarının qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyindən narahatlığını izhar etdi.
Böyük 20-liyin liderləri eləcə də 2016-cı ilə qədər büdcəni balanslaşdırmaq barədə öhdəlik götürüblər. Avropa ölkələrinin rəsmiləri avronun dəyərinin qalxacağına ümid bəsləyirlər. Sammitin sonunda qəbul edilən qətnamədə qlobal iqtisadiyyatda irəliləyişlərin olduğu deyilsə də, ciddi sınaqların hələ də qalmaqda davam etdiyi, əsas problemin isə bir çox ölkələrdə işsizliyin gözlənilməz dərəcədə yüksək olduğu deyilir. Qətnamədə maliyyə qurumlarında islahatlar üzərində iş aparılmalı olduğu bildirilir.
ABŞ prezidenti Barak Obama Çinin milli valyutası yuanın ABŞ dolları ilə mübadiləsini sərbəstləşdirəcəyi bardə öhdliyə əməl edəcəyini gözlədiyini bildirib. Onun sözlərinə görə rəsmi Pekinin bilərəkdən yuanın dəyərini aşağı saxlaması ona ədalətsiz olaraq ticarətdə üstünlük verir.