Botsvanada tapılan almazın dünyanın 3-cü ən böyük almazı olma ehtimalı var

Afrikanın cənub ölkəsi Botsvanada ağırlığı 1000 karatdan çox olan almaz aşkarlanıb. Bunun tarixdə tapılmış üçüncü böyük almaz olması ehtimalı var.

1098,3 karat ağırlığında olan yüksək keyfiyyətli qiymətli daş bu ayın əvvəlində Debsvanaya məxsus Jvanenq mədənində aşkarlanıb. Mədən Botsvana höküməti və De Beers Group şirkətinə məxsusdur.

"Bu yaxınlarda müasir almaz zavodunun istifadəyə verilməsi ilə daha böyük almazları aşkar edə biləcəyimizə ümid edirəm" deyə Debsvana mədəninin icraçı direktoru vəzifəsini icra edən Linet Armstronq bildirib.

"Bütün standartlara uyğun olaraq bu ölçülü bir almazı ənənəvi filiz emalı fabrikimizdə aşkarlamaq böyük bir metallurgiya nailiyyətidir" deyə o əlavə edib.

Linet həmçinin bildirib ki, 73 millimetr uzunluğunda, 52 millimetr enində və 27 millimetr qalınlığında olan almaz şirkətin 50 illik tarixində Debsvananın mədənlərində tapılan ən böyük qiymətli daşdır.

Almazlar Botsvanada 1967-ci ildən tapılır, Debsvana mədəni isə 1969-cu ildə qurulub.

Bundan əvvəl 1993-cü ildə Jvanenq mədənində 446 karatlıq almaz tapılmışdı.

Linet bildirib ki, hazırkı daş "İlk dəfə iyun ayının birinci günündə həmkarlarımız Kefentse Orakenq və Fodiso Selaledi tərəfindən Akvarium zavodunda işlədikləri zaman görünüb. Üç gün sonra - dörd iyun tarixində isə görüntü Vapula Qaolatlhenin rəhbərlik etdiyi bir qrup tərəfindən təsdiqlənib".

Hazırkı tapındı COVID-19 pandemiyası səbəbindən iqtisadiyyatı çətin vəziyyətdə olan Botsvana höküməti üçün yaxşı xəbərdir. Almazlar ölkə ixracatının üçdə ikisini təşkil edir.