İki qazax Boston hücumlarının istintaqına əngəl olmaqda ittiham edilir

ABŞ-ın Münsiflər Məhkəməsi Boston hücumlarının şübhəlisi Cövhər Tsarnayevin iki kollec yoldaşına qarşı istintaqına maneə törətmək ittihamı irəli sürüb.

3 nəfərin ölümü, 260 nəfərin yaralanması ilə nəticələnən hücumlarla bağlı təhqiqatı çətinləşdirməyə çalışmaqda ittiham olunan şəxslər 19 yaşları olan Qazaxıstan əsilli Dias Kadırbayev və Əzəmət Tazayakovdur.

İttihamnaməyə görə partlayışın baş verdiyi aprelin 15-i günü rəsmilər təhlükəsizlik kameraları vasitəsilə hücumu həyata keçirməkdə şübhəli bilinən şəxsin foto-görüntüsünü açıqlayandan sonra Tsarnayev Kadırbayevə mesaj yazaraq onun otağına getməyi və orada olan əşyaları götürməyi xahiş edib.

Daha sonra Kadırbayev, Tazayakov bə kimliyi hələlik müəyyən edilməyən üçüncü şəxs Tsarnayevin notbuk kompyuteri və içərisi fişənglə dolu bel çantası kimi bəzi əşyaları onun otağından götürüb. İttihamnamədə deyilir ki, Tazayakovun xəbəri ola-ola Kadırbayev əşyaları zibil yeşiyinə atıb.

Axtarış zamanı polis əşyaları zibil deposundan tapıb.