On minlərlə bosniyalı qadın ədalətin bərpasını gözləyir [Video]

Your browser doesn’t support HTML5

Amnesty International təşkilatının hesabatında deyilir ki, 1992-95-ci illərdə Bosniyada gedən müharibə zamanı təcavüzə məruz qalan və kölə kimi saxlanılan on minlərlə qadının ədalət axtarışı hələ də davam edir. O vaxtdan uzun illər keçdiyinə görə insan haqları fəalları müharibədən sağ çıxan qadınlardan çoxunun yoxsulluq içərisində yaşadığını və günahkarların ədalət qarşısına çıxarılacağına dair ümidlərini itirdiklərini deyirlər.

Balkan müharibəsi zamanı 20 mindən çox qadın təcavüzə və cinsi zorakılığa məruz qalıb. Girov saxlanılan qadınlar aylar və ya illərlə işgəncələr və zorakılıqlarla üzləşib. Amnesty International təşkilatından Todor Qartos: “Bosniya rəsmiləri həmin qadınların əksəriyyətinin hüquqlarının qorunması yolunda heç bir iş görməyib və onlara təzminat ödəməyib. Yalnız 800-ə qədər qadına müharibə qurbanı kimi pensiya ödənir. Cəmi 120 nəfər şəxs təqsirli bilinərək, ədalət məhkəməsi qarşısına çıxarılıb.”

Rəsmi qanuna görə vətəndaş müharibəsinin qurbanları olub sağ qalanlara təzminat və pensiya ödənilməli, səhiyyə xidmətləri də daxil olmaqla, bir sıra dövlət xidmətlərindən istifadə etmək imkanı verilməlidir. Lakin bu qanuna əməl olunması müəyyən dərəcədə 1995-ci ildə münaqişəyə son qoymuş Deyton razılaşmasına görə çətinləşdi. Müqaviləyə əsasən Bosniya və Herseqovina Bosniya və Herseqovina Federasiyasına və Serbiya Respublikasına ayıldı.

“Bu isə o deməkdir ki, ölkənin bir hissəsində xilas olan qadınlar o biri hissəsində bu statusdan istifadə edə bilməz. Nəticədə onlar dövlət tərəfindən göstərilən xidmətlərin heç birini almır. O biri qadınlar isə onlara qarşı zorakılıq və təcavüz hallarının uzun müddətli travma və xəsarətlərə səbəb olduğunu nümayiş etdirə bilmədiklərinə görə bu statusu qazana bilmir" deyə, Todor Qartos bildirir.

Müharibə cinayətlərinə dair məhkəmələrin Bosniyada 2004-cü ildən başlamasına baxmayaraq, Amnesty International-ın hesabatında deyilir ki, məhkəmədə təcavüz qurbanlarının ümumi sayının yalnız yüzdə birindən az hissəsinin işinə baxılıb. Amnesty prokurorluq sisteminin xeyli yaxşılaşmasına baxmayaraq, hələ də böyük maneələrin olduğunu bildirir.

Sağ qalanların çoxu isə təşkilata ədalət öz yerini tutana qədər sağ qalacaqlarına əmin olmadıqlarını deyib.