Borrell Kosovo və Serbiya liderlərini Brüsselə dəvət edib

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovonın baş naziri Albin Kurti üç kosovalı polis əməkdaşının Serbiya tərəfindən həbsindən sonra iki qonşu arasında artan gərginliyin aradan qaldırılması ilə bağlı danışıqlar üçün gələn həftə Brüsselə dəvət edib.

Kosova polisi iyunun 14-də bildirib ki, üç zabit qaçaqmalçılıq üçün yollardan qeyri-qanuni istifadənin qarşısını almaq məqsədilə keçirilən patrul xidməti zamanı itkin düşüb.

Kosovanın daxili işlər naziri Kelal Svecla Serbiyanı "Kosovo ərazisinə daxil olmaqda və üç polisi qaçırmaqda" ittiham edib.

Belqrad bildirir ki, zabitlər Serbiya ərazisinin "daxilində" həbs ediliblər.

Son insident Kosovonun şimalında etnik serblərlə NATO-nun rəhbərlik etdiyi KFOR sülhməramlıları arasında keçən ay 30 sülhməramlının yaralanması ilə nəticələnən toqquşmaların ardınca həftələrdir davam edən gərginlikdən sonra baş verib.

Borrelin sözçüsü iyunun 16-da bildirib ki, Vuçiç və Kurti Brüsselə dəvət olunub. O əlavə təfərrüatların "sonrakı mərhələdə" ictimaiyyətə açıqlanacağını bildirib.

İyunun 15-də Borrell deyib ki, blokun müzakirəçiləri "yenidən böhranın idarə olunması rejimindədir".

İyunun 16-da AzadlıqRadiosunun müxbirləri xəbər veriblər ki, Serbiyanın cənubundakı Kralyevo şəhərinin hakimi üç polis zabitinin Serbiya prokurorları tərəfindən dindirilməsindən sonra onların həbsdə qalmasına qərar verib. Onların saxlanma müddəti dərhal açıqlanmayıb.

Birləşmiş Ştatlar və Britaniya Serbiyadan üç polis işçisini dərhal azad etməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyunun 15-də bildirib ki, Kosovo və Serbiya üç Kosovo polis zabitinin Serbiya tərəfindən qeyd-şərtsiz azad edilməsi də daxil olmaqla gərginliyi azaltmaq üçün təcili addımlar atmalıdır.

İyunun 16-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi oxşar müraciətlə çıxış edib.

"Biz üç Kosovo polisinin dərhal azad edilməsinə çağırırıq. Biz Kosovo və Serbiyanı maksimum təmkin nümayiş etdirməyə, birtərəfli tədbirlərdən qaçmağa və gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq" – deyə, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.