ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ukraynaya səfər edərək, prezident Poroşenko ilə görüşüb və Kiyevdə Müstəqillik Günü münasibətilə təntənələrdə iştirak edib.
Bolton həmçinin Ukraynanın baş naziri Vladimir Qrosmanla danışıqlar aparıb. Müzakirələrin diqqət mərkəzində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, “Şimal Axını-2” layihəsinə qarşı səylər, eləcə də Amerika və Ukrayna arasında energetika və aviasiya sənayesində birgə layihələr olub.
Reuters agentliyinin verdiyi məlumata görə, Con Bolton Ukraynanın NATO-üzvlüyü kimi məqsədinə nail olması istiqamətində inkişafı qeyd edib və əlavə edib ki, hələ görüləsi işlər var.
Kieyvdə mətbuat konfransında danışan Bolton deyib ki, Avropa İttifaqı və Ukrayna Azərbaycandan enerji və ABŞ-dan maye qazın nəqli, eləcə də öz təbii ehtiyatlarının inkişaf etdirilməsi kimi imkanlar da daxil olmaqla, Rusiya qazına alternativlər axtarmalıdır.
Bolton həmçinin Rusiyaya qarşı sanksiyaların Moskva öz davranışını dəyişməyənə qədər qüvvəd qalacağını qeyd edib. Onun sözlərinə görə, buraya ABŞ seçkilərinə müdaxilə, Krımın işğalına və Donbasda zorakılıqlara və Britaniyada Skripalların zəhərlənməsi kimi başqa ölkələrdə kimyəvi silahlardan istifadəyə son qoyulması daxildir.
ABŞ dövlət katibi Mayk Pompeo da ukraynalıları Müstəqillik günü münasibətilə təbrik edib.
Dövlət Departamentinin açıqladığı bəyanatda “Birləşmiş Ştatların Ukraynanı Rusiya təcavüzü qarşısında dətəklədiyi” bildirilir. ABŞ eyni zamanda Ukraynanı “xalqın rifahının yaxşılaşdırılması, təhlükəsizliyin gücləndirimləsi və qanunun aliliyinin bərqərar olunması istiqamətində apardığı islahatlara dəstək verdiyini” bəyan edir.