Bolton: Gələn ay Tramp-Putin görüşü üzərində iş gedir

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvada görüş zamanı, 23 oktyabr, 2018.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Görüş zamanı Rusiya lideri Boltona deyib ki, o, prezident Trampla yeni danışıqlar keçirmək istəyir. Putin gələn ya Parisdə görüş keçirilməsi təklifi ilə çıxış edib.

Verilən məlumatlara əsasən, hər iki lider noyabrın 11-də Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə tədbirdə iştirak edəcək. Putin tədbir çərçivəsində Trampla görüşməyi təklif edib. Bolton Trampın belə bir təklifi razılıqla qarşılayacağını düşündüyünü bildirib.

“Fikrimcə, prezident Tramp sizinlə bu tədbir çərçivəsində görüşməyi gözləyəcək. Belə ki, aramızda milli maraqlarımızla bağlı fikir ayrılıqlarına baxmayaraq, bununla belə əməkdaşlıq üçün imkan olan sahələrdə əməkdaşlığın aparılması lazımdır”-deyə Bolton bildirib.

Görüş zamanı Putin bildirib: “Bizə, sözün düzü, ABŞ-ın bəzən Rusiyaya münasibətdə dostcasına adlandıra bilmədiyimiz heç bir səbəb olmadan atdığı addımları təəccüblü görünür.”

Arxiv fotosu- ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov Ağ Evdə nüvə raketlərinin ixtisarına dair müqaviləni imzaladıqdan sonra qələmlərini dəyişir, 8 dekabr, 1987, Vaşinqton.

Boltonun Putinlə görüşü prezident Trampın orta mənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxmaq istədiyini elan etməsindən sonra keçirilir.

Müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmışdı. Tramp Rusiyanın 1987-ci ildə imzalanmış müqaviləni pozaraq, raket istehsal edib, sınaqdan keçirməkdə ittiham edib.

Müqavilənin şərtlərinə əsasən, ABŞ və Rusiyaya 500 kilometrdən 5000 kilometrə qədər məsafəni qət edə biləcək nüvə başlıqlı raketlərin yerləşdirilməsi, sınaqdan keçirilməsi və toplanması qadağan edilir.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada görüşdən öncə, 22 oktyabr, 2018.

Lavrovla görüş

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri bundan öncə Moskvada Rusiyanın Xarici İşlər naziri Serqey Lavrovla görüşüb. Lavrov bildirib ki, Rusiya Boltona dinlədikdən sonra “vəziyyəti qiymətləndirəcək”.

Biz qlobal sabitliyə görə məsuliyyət daşıyırıq və ABŞ-ın da öz məsuliyyətindən imtina etməyəcəyini gözləyirik.
Serqey Lavrov

​“Biz dəfələrlə demişik, prezident Putin də Soçidə Valday forumunda da bildirib ki, istənilən addım cavab reaksiyası ilə qarşılaşacaq, çünki strateji sabitlik yalnız bərabərlik əsasında təmin edilə bilər. Bu cür bərabərlik hər bir halda davam etdiriləcəkdir. Biz qlobal sabitliyə görə məsuliyyət daşıyırıq və ABŞ-ın da öz məsuliyyətindən imtina etməyəcəyini gözləyirik.”, deyə Rusiya Xarici İşlər naziri Serqey Lavrov bildirib.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşdən öncə, 22 oktyabr, 2018.

Bazar ertəsi Rusiyanın Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşən Bolton bildirib ki, o, digər ölkələrin də raket qurduqları bugünkü qlobal təhlükəsizlik mühiti ilə əlaqədar Soyuq Müharibə dövrünün ikitərəfli müqavilələrin artıq əhəmiyyəti olmadığına inanır..