Hindistanın Codhpur şəhərindən Mumbaya uçan Jet Airways hava yollarında məxsus təyyarənin ekipaj üzvləri məşhur Bollivud müğənnisinin təyyarənin kommunikasiya radiosundan istifadə edərək sərnişinlər üçün mahnı ifa etməsinə icazə verdiklərinə görə işlərindən kənarlaşdırılıb.
Jet Airways yanvarın 4-də Sonu Nigamın videosu internetdə yayıldıqdan sonra ekipaj üzvlərinin işdən müvəqqəti azad edildiyini təsdiqləyib.
Şirkətin sözçüsü bildirib ki, laynerin ekipaj üzvlərinin hər biri təhqiqat məqsədilə və eyni zamanda təlim keçmək üçün işlərindən müvəqqəti kənarlaşdırılıblar.
Mətbuatda verilən məlumatlarda bildirilib ki, sərnişinlər Nigamdan onlar üçün mahnı ifa etməsini istəyib. Müğənni razılaşıb və iki məşhur mahnısını interkom sistemi vasitəsi ilə ifa edib. Sərnişinlər onun ifası yazılmış videonu sosial mediyada bölüşüb.
Hadisədən xəbərdar olan hökumət rəsmiləri aviyalaynerin rəsmilərinin məsələ ilə bağlı ölçülər götürməsini tələb edib.
İnsident internetdə mübahisəyə səbəb olub.