Boliviya Snoudenə sığınacaq verməyə hazırdır


Boliviya prezidenti Evo Morales ABŞ-ın kəşfiyyat agentliyində müqavilə əsasında işləmiş Edvard Snoudenin müraciət etdiyi halda ona siyasi sığınacaq verməyə razı olduğunu deyib.

Cənab Morales Snoudenə Venesuela prezidenti Nikolas Maduro və Nikaraqua prezidenti Daniyel Orteqadan sonra siyasi sığınacaq verməyə razı olan Latın Amerikasının üçüncü solçu lideridir.

Prezident Moralesin açıqladığı bəyanatda cənab Morales bildirib ki, Boliviya Birləşmiş Ştatlar nə də onun Avropadakı müttəfiqlərindən qorxmur və əgər Edvard Snouden müraicət etsə, ona siyasi sığınacaq veriləcək.

ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin gizli izləmə proqramları haqda məxfi məlumatları ictimaiyyətə açıqlayan 30 yaşlı Snoudenin Moskvanın “Şeremetyevo” hava limanında sərnişinlər üçün tranzit zonada olduğuu ehtimal edilir.

Amerika Birləşmiş Ştatları Edvard Snoudeni casusluqda ittiham edərək, onun thəvil verilməsinə çalışır. Snoudenin ABŞ pasportu ləğv edilib. Onun Moskvadan Latın Amerikası ölkələrinə necə səfər edə biləcəyi aydın deyil.