Boko Haram qrupunun YouTube-da yeni videosu yayımlanıb

Nigeriyanın Boko Haram yaraqlı qrupu Niger və Kameruna qarşı yeni hücumlar həyata keçirib. Qrupun lideri qrupa qarşı döyüşən əsgərləri məğlub edəcəyini vəd edib.

YouTube-da yerləşdirilən yeni videoda Boko Haram qrupunun rəhbəri Əbubakar Şekaunun islamçı ekstremistlərə qarşı döyüşmək üçün bir araya gələn regional qüvvələri ələ saldığı nümayiş etdirilir.

Qrupun rəhbəri Afrika liderlərinə ünvanladığı mesajda onları məğlub etmək üçün göndərilən 7 min 500 əsgərin çox az olduğunu deyib. “Sizin konstitusiya və demokratiyanız İslamdan yaxşı ola bilməz. Sizin hamınız birgə olsanız da bizə qalib gələ bilməyəcəksiniz. Biz təkçə Afrika hökumətlərinə deyil, bütün dünyaya qarşıyıq” -deyə Əbubakar Şekau bildirib.

Nigeriya, Niger, Çad, Kamerun və Beninin nümayəndə heyətləri yaraqlılara qarşı döyüşmək üçün regional qüvvə yaradılması planını irəli sürüb. Planda 8 min 750 əsgərin səfərbər edilməsinə çağırılır.