BMT-nin Qaçqınlar Agentliyi hesabat açıqlayıb

BMT-nin Qaçqınlar Agentliyinin hesabatına görə, 2012-ci ildə məcburi köçkünlərin sayı 1994-cü ildən bəri ən yüksək səviyyəsinə çatıb. Bu gün açıqlanan hesabatda bildirilir ki, ötən il müharibə və böhranlar səbəbi ilə hər 4 saniyədə 1 insan evindən didərgin düşüb.

Agentlik 2012-ci ildə qaçqınların sayının 45.2 milyon insan təşkil etdiyini bildirir. 2001-ci ildə bu göstərici 42.5 milyon olub. Əfqanıstan, Somali, İraq, Suriya və Sudan kimi ölkələrdə insanların 55 faizinin məcburi şəkildə evlərini tərk etməsinə müharibələr səbəb olub.

BMT-nin Qaçqınlar Agentliyinin hesabatına görə, son 32 ildə qaçqın sayına görə Əfqanıstan öndə yer alır. Qaçqınların 46 faizini 18 yaşından aşağı uşaqlar təşkil edir. 2012-ci ildə valideynlərini itirən və ya onlardan ayrı düşən 21300 uşaq sığınacaq üçün müraciət edib.