BMT nümayəndəsi Lavrovla Suriya məsələsini müzakirə edib

Rusiya paytaxtı Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşən BMT nümayəndəsi Staffan de Mistura bildirib ki, o, Suriyada iki aylıq döyüşlərin qismən dayanmasının bərpasına çalışır.

Hökumət qüvvələri ilə üsyançı döyüşçülər arasında atəşkəs razılığı fevralın sonunda qüvvəyə minmiş və zorakılıqlar drammatik dərəcədə azalmışdı. Ancaq daha sonra tərəflərin tədricən atəşkəsi pozması döyüşlərin yenidən qızışmasına səbəb olub. Son günlər ən ağır döyüşlər Hələb şəhəri ətrafında qeydə alınıb. Burada hökumət qüvvələri hava və üsyançıların artilleriya hücumları yüzlərlə insanın ölümünə səbəb olub.

Suriya dövlət mediası üsyançıların Hələbdə hospitala raket atması nəticəsində ən azı 12 nəfərin öldüyü və ya yaralandığını bildirib.

Mistura ilə görüşün başlanğıcında Lavrov bildirib ki, həm Rusiya, həm də Birləşmiş Ştatlar atəşkəsin gücləndirilməsi üzərində işləyir. Lavrovun idarəsinin məlumatına görə, o, dünən məsələni ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı müzakirə edib. Hər iki tərəf sülhün əldə olunmasının mühüm olduğunu bildirib.

Rusiyadan kömək yoxdur

Kerri üçün Rusiyanın dəstəyini əldə etmək mühüm olduğu qədər də, qeyri-mümkün olub. Kerri Moskvanı Əsəd qüvvələrinin Suriyanın böyük şəhərlərinin yaraqlıların əlində olan hissələrinə hücumlarının qarşısı almaqda kömək etməyə çağırıb.

"Əsas tərəflərin imzalanması üçün bir neçə təklif göndərilib" - deyə Kerri Səudiyyə Ərəbistanından olan həmkarl Adel Əl-Cübeyir və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşündən sonra bildirib: "Ümidimiz olsa da, hələ tam əmin deyilik. İstədiyimizə nail olmaq üçün qarşıdakı 24-48 saat ərzində çox işləməliyik".

Kerri Hələbə dair razılığın qarşıdakı günlərdə açıqlana biləciyini də deyib.