Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet Suriyada mülki vətəndaşların "hər zaman olduğundan daha yüksək riskə" məruz qaldıqlarını, hökuməti dəstəkləyən qüvvələrin ölkənin şimal-qərb hissəsində əraziləri geri almaq üçün hücum təşkil etdiyini açıqlayıb.
Cenevrədə çıxış edən Başelet döyüşlərdə iştirak edən bütün tərəfləri atəşkəs elan etməyə və mülki şəxslərin təhlükəsiz keçməsinə imkan verən humanitar dəhlizlər yaratmağa çağırıb.
Lakin Başelet BMT-nin dekabrın 1-nə qədər münaqişə nəticəsində 90 mindən çox insanın məcburi köçkün olduğu və Suriya müharibəsində bundan əvvəl çox sayda insanın digər bölgələrdən ölkənin şimal-qərbinə qaçdığını təxmin etməsini nəzərə alaraq, bu insanların məhdud seçimi olduğu haqda narahatlığını bildirib.
"İndi təhlükəsiz sığınacaq yoxdur. Hökumətin hücumlarının davam etməsi ilə insanlar daha kiçik ərazilərə getməyə məcbur edildikdə qorxuram ki, daha çox insan öldürülsün" - deyə, Başelet qeyd edib.
Suriya prezidenti Bəşar Əsəd televiziya ilə çıxışında Hələb şəhərinin hökumət qüvvələrinin bölgənin nəzarətini üsyançı döyüşçülərdən geri almasından sonra "hər zaman olduğundan daha güclü olacağını" vəd edib.
"Bu azad olunma müharibənin başa çatması, intriqaların, terrorun sonu və ya düşmənlərin təslim olması demək deyil... Bu, o deməkdir ki, biz tam qələbədən əvvəl onların üzlərini palçığa bulaşdırmışıq" - deyə, o bildirib.
Əsəd Hələbin üsyançıların nəzarətində olan qonşu İdlib vilayəti ilə birlikdə azad edilməsi əməliyyatının Şimaldan "boş səs-küyə" baxmayaraq, davam edəcəyini vurğulayıb. O bununla hər iki vilayətlə həmsərhəd və üsyançıları dəstəkləyən Türkiyəni nəzərdə tutub.
Türkiyə Suriyadakı hərbi irəliləyişə mane olmaq üçün qoşun və texnikanı İdlibə göndərib. Türkiyəli diplomatlar isə Əsədin ən böyük müttəfiqi olan Rusiya ilə danışıqlar aparmaq üçün Moskvaya yollanıb.
Türkiyə Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada "bölgədəki gərginliyin tez bir zamanda azaldılması və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının vacibliyi" vurğulanıb.