BMT-nin İnsan Hüquqları rəsmisi ABŞ-ın miqrant valiydenlərin uşaqlarının onlardan ayrılması siyasətini kəskin tənqid edib

BMT-nin insan haqları rəsmisi Tramp administrasiyasını Meksikadan ölkəyə qeyri-qanuni daxil olan miqrant valideynlərdən uşaqların zorla alınması kimi "ağlasığmaz" siyasəti dayandırmağa çağırıb.

ABŞ rəsmiləri keçən həftə bildirib ki, Tramp administrasiyası sərhəddə ciddi mühafizə siyasəti həyata keçirdiyi zaman aprel ayının ortalarından may ayının sonuna qədər 2 min uşaq valideynlərindən ayrılıb.

Adminstrasiya rəsmiləri bu taktikanın sərhəd təhlükəsizliyinə görə zəruri olduğunu və bunun qeyri-qanuni mühacirətin qarşısını alacağını bildirir.

Hər hansı bir dövlətin valideynləri saxlamaq üçün uşaqlara qarşı belə bir zorakılıq tətbiq etməsi haqda fikir ağlasığmazdır.

Lakin BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseyn deyib ki, bu siyasət "uşaqların valiydenlərinin hərəkətlərinə görə cəzalandırılmasıdır".

"Hər hansı bir dövlətin valideynləri saxlamaq üçün uşaqlara qarşı belə bir zorakılığı tətbiq etməsi haqda fikir ağlasığmazdır. Mən Birləşmiş Ştatları bu uşaqların zorla ayrılması praktikasına son qoymağa çağırıram", Zeyd Raad Əl-Hüseyn BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı kimi avqust ayında vəzifə müddətinin başa çatmasından öncə etdiyi son çıxışında bildirib.

ABŞ-ın nümayəndə heyətinin rəhbəri Ceyson Mask bundan sonra etdiyi çıxışında miqrasiya məsələlərinə toxunmayaraq, LGBT hüquqlarının təmin olunmasından danışıb və homoseksuallar və transgenderlərə qarşı zorakılıq və ayrı-seçkiliyi qınayıb.