BMT-nin Baş katibi İrana qarşı sanksiyaların ləğvinə çağırır

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ rəhbərliyinə Tehranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən İrana qarşı bütün sanksiyaların “qaldırılması və ya imtina edilməsi” üçün müraciət edib.

Quterreş 30 iyun tarixində BMT Təhlükəsizlik Şurasına verdiyi hesabatda həm də İranı beynəlxalq sanksiyaların ləğvi müqabilində Tehranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoyan müqavilənin tam yerinə yetirilməsinə dönməyə çağırıb.

Baş katibin müraciətləri İranla ABŞ arasında anlaşmanı canlandırmaq üçün Vyanada birbaşa olmayan danışıqlar fonunda baş verib. Danışıqlar Avropa İttifaqı tərəfindən əlaqələndirilir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə ABŞ-ı paktdan çıxararaq, sərt sanksiyalara əl atmışdı, bu da Tehranın anlaşma çərçivəsində nüvə öhdəliklərini tədricən azaltmasına səbəb olmuşdu.

15 üzvlü Təhlükəsizlik Şurası Quterreşin İran, ABŞ, Fransa, Britaniya, Almaniya, Rusiya və Çin arasındakı nüvə razılaşmasını özündə cəmləşdirən 2015-ci il tarixli bir qətnamənin icrası barədə illik hesabatını müzakirə edib.

"Vyanadakı son bir neçə müzakirə mərhələsi razılaşmaya qarşılıqlı qayıdış üçün İran və ABŞ tərəfindən edilməsi lazım olan seçimlərin bərkiməsinə kömək etdi" - deyə, ABŞ-ın BMT-dəki səfirinin müavini Ceffri DeLaurentis bildirib.

Aİ-nin BMT-dəki səfiri Olof Skuq şuraya verdiyi açıqlamada blokun ABŞ-ın nüvə anlaşmasına bağlı sanksiyaları ləğv etməyə "hazır olduğunu" təşviq etdiyini deyib.

"Zamanın bizim tərəfimizdə olmadığı və bu gün də mümkün ola biləcək şeyin yaxın gələcəkdə mümkünsüz ola biləcəyi aydındır. Qarşımızda qaçırmamalı olduğumuz məhdud bir diplomatik pəncərə var" - deyə, Skuq xəbərdarlıq edib.