BMT rəsmisi həbs olunub

Sabiq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının prezidenti Nyu-Yorkda həbs olunub. O, çinli iş adamının maraqlarını təmsil etmək məqsədilə bir neçə il ərzində milyonlarla dollar rüşvət almaqda və vergidən yayınmaqda ittiham olunur.

Coş Aş çərşənbə axşamı Nyu-York şəhəri ətrafında yerləşən evində həbs olunub. 61 yaşlı Aş 2013-cü ildə Baş Assambleyanın prezidenti seçilənədək 2004-cü ildən bəri Anqiqua və Barbudanın BMT-dəki səfiri vəzifəsində çalışıb.

ABŞ prokuroru Prit Bharara bu qalmaqalı “klassik, quid pro quo, yəni xidmət əvəzi xidmət cinayət planı” adlandırıb.

Aş Devid Ng kimi tanınan daşınmaz əmlak və qumar maraqları olan Makaudan çinli iş adamı Ng Lap Sengdən rüşvət almaqda ittiham olunur. İttihamçılar deyir ki, Ng Aşın nüfuzundan 2011-ci ildə Makauda multimilyard dollarlıq BMT konfrans mərkəzinin inşasını təbliğ etmək üçün istifadə edib.

Bu plan çərçivəsində digər beş nəfər həbs olunub. Onların sırasına hazırda Dominikan Respublikasının BMT nümayəndəsinin müavini Fransis Lorenzo və Nqnın dörd çinli ortağı daxildir.

Aş həmçinin 2013 və 2014-cü ildə 1.3 milyon dollar rüşvət aldığını və vergiləri ödəməməkdə ititham olunur.

Ng isə ötən ay digər ittihamlarla həbs olunub.

BMT baş katibi Ban Gi-Munun sözçüsü baş katibin bu ittihamlardan dərindən narahatlıq hissi keçirdiyini və bunu “BMT-nin bütünlüyünə təsir göstərdiyini” düşündüyünü bildirib.