Hər il sentyabr ayında dünya liderləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında BMT Baş Assambleyasının illik sessiyasına toplaşır. Builki 73-cü sessiya çərşənbə axşamı günü sentyabrın 25-də başlayır.
BMT Baş Assambleyasında "ümumi debat" nədir?
“Ümumi debat” adlanan iclas zamanı Baş Assambleyanın sessiyasının açılışında dünyanın hər yerindən nümayəndələr məruzə ilə çıxış edir. Əslində, burada real debat baş vermir. Bu, sadəcə, hər bir ölkənin hökuməti üçün ən mühüm məsələlərin qeyd edilməsi məqsədilə verilən bir imkandır.
Braziliya nə üçün birinci çıxış edir?
Braziliya 1947-ci ildən etibarən ilk çıxışı edən ölkədir və bu artıq bir ənənə halını alıb. BMT-yə əsasən, təşkilatın yarandığı ilk illərdə heç bir ölkə birinci olaraq çıxış etmək istəmirdi və hər dəfə könüllü olaraq ilk məruzəni etmək təklifi Braziliyadan gəlirdi. Toplantıya ev sahibliyi edən Amerika Birləşmiş Ştatları həmişə ikinci olaraq çıxış edir.
Digər ölkələrin çıxışları necə müəyyən olunur?
Birləşmiş Ştatlardan sonra hansı ölkənin çıxış edəcəyi bir sıra amillərin nəzərə alındığı mürəkkəb bir sistem əsasında müəyyən edilir. Dövlət başçıları adətən birinci olaraq çıxış edir, onlardan sonra isə hökumət başçıları və xarici işlər nazirləri kimi hökumət nümayəndələri gəlir. BMT bildirir ki, hansı ölkənin nə zaman çıxış etməsi coğrafi balans və digər amillər nəzərə alınmaqla müəyyən edilir.
Liderlərin çıxışı üçün nə qədər vaxt ayrılır?
Natiqlərə məruzə etmək üçün 15 dəqiqəyə qədər vaxt verilir. Lakin əslində, hökumət rəsmiləri istədikləri qədər danışa bilərlər. BMT bidirir ki, ən uzun məruzəni 1960-cı ildə Kuba lideri Fidel Kastro etmişdi. Onun çıxışı dörd saat yarım davam etmişdi. Lakin onun bu çıxışı ümumi müzakirələr zaman edilməmişdi.
BMT Baş Assambleyasında daha nələr baş verir?
Ümumi debatla yanaşı, Baş Assambleyanın sessiyası təşkilata üzv olan 193 ölkənin BMT-nin büdcəsini müəyyən etdiyi, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvləri seçdiyi və müxtəlif məsələlərlə əlaqədar sessiya çərçivəsində keçirilən iclaslarda iştirak etdiyi dövrdür. Rəsmi görüşlərlə yanaşı, BMT Baş Assambleyasının sessiyası zamanı dünya liderləri eləcə də özəl danışıqlar keçirmək imkanına malik olur.