BMT-nin baş katibi Pan Gi Mun İranda insan hüquqlarının kobud şəkildə pozulmasını, edamların sayının artmasını kəskin pisləyib.
“Media forum” saytının məlumatına görə, Pan Gi Mun martın 14-də BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatında bildirib ki, İranda siyasi məhbusların, yeniyetmələrin və narkotik qaçaqmalçılığında günahlandırılan şəxslərin edamı geniş vüsət alıb: “İran İslam Respublikası əvvəllərdə olduğu kimi yenə də jurnalistləri, bloqçuları və vəkilləri həbsə salır, onların işinə mane olur. İranda həmçinin müttəhimlərə qarşı çıxarılan şallaq, bədənin hansısa üzvünün kəsilməsi, qadın və kişilərin daşqalaq yolu ilə edam olunması kimi cəza növləri geniş tətbiq olunur”.
Pan Gi Mun İranda dinc müxaliflərə qarşı çıxarılan ölüm hökmlərindən, özbaşına həbslərin aparılmasından, məhbuslara müxtəlif işgəncələr verilməsindən ciddi narahat olduğunu vurğulayıb.
Eyni zamandaq, İranın və başqa ölkələrin 73 tanınmış ziyalısı BMT baş katibi Pan Gi Munu İranın müxalifət liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və həyat yoldaşlarının azadlığa çıxmasına yardım etməyə çağırıb.
Ziyalılar bildirilir ki, müxalifət liderləri Musəvi və Kərrubinin nicatı üçün BMT dərhal işə qarışmalı, İran hakimiyyətinə təzyiq göstərməlidir: “İran hakimiyyətinin yaydığı ziddiyyətli xəbərlərə baxmayaraq müxalifət liderlərinin öz ailələri ilə hər hansı əlaqəsi tamamilə kəsilib, onlar həbsə salınıblar.
Biz əqidəsinə görə həbsə salınan bu dörd İran vətəndaşı və digər siyasi müxaliflərin nicatı üçün BMT və digər beynəlxalq təşkilatların dərhal işə qarışmasını tələb edirik. Biz BMT-dən İranda insan hüquqlarını ən kobud şəkildə tapdalayan, insanlığa qarşı cinayətlərdə təqsirli bilinən şəxslərin beynəlxalq məhkəmə yolu ilə məsuliyyətə cəlb olunmasına yardım göstərməsini tələb edirik”.
Məktubu imzalayanlar arasında sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi, beynəlxalq vəkil və hüquq müdafiəçisi Əbdülkərim Lahici, Halə Əfşar, Daryuş Aşuri, Mehrdad Dərvişpur, Həsən Şəriətmədari, Əli Mirsepasi, eləcə də Avropa və Amerika ali təhsil ocaqlarının bir sıra müəllimləri var.