Əfqanistanda prezident seçkilərində namizəd olmuş Abdulla Abdulla BMT-nin iyunun 14-də keçirilən münaqişəli seçki nəticələrinin yoxlanması üçün təsis etdiyi təftiş qrupunun nəticələrini rədd edib. O, rəqibi Əşrəf Qanini seçkilərdə məğlub etdiyini iddia edir.
Kabildə keçirilən mətbuat konfransında Abdullah seçki nəticələrini qəbul etməyəcəyini bildirib. O, BMT-nin təftiş qrupunun saxta səsləri qanuni səslərdən ayırmağa müvəffəq olmadığını deyib.
ABŞ prezidenti Barak Obama şənbə günü hər iki namizədlə telefon söhbəti zamanı onları BMT-nin seçki təftiş qrupunun nəticələrini qəbul etməyə və siyasi kompromisə çağırıb.
Abdulla Abdulla Əşrəf Qani ilə birgə hökumət yaradılmasına dair danışıqlarının dalana dirəndiyini deyib.
Lakin Əşrəf Qaninin nümayəndəsi bu iddiaları rədd edib. O, Qaninin birgə hökumət qurmağa hazır olduğunu və Abdullanın nəticələri tanımaqdan imtina etməsini onun seçkilərdə məğlub olması ilə izah edib.
Əşrəf Qani ikinci tur seçkilərin qalibi olsa da, Abdulla nəticələrə etiraz edərək, seçkilərdə saxtakarlığın baş verdiyini iddia edir. ABŞ-ın təzyiqi nəticəsində hər iki namizəd BMT-nin seçki təftiş qrupunun nəzarəti altında səslərin yenidən sayılmasına razı olub.
BMT-nin seçkinin təftişi qrupu səslərin sayılmasını sentyabrn 5-də bitirsə də, nəticələri hələ elan etməyib.