Bloq: Rusiyanın Ukrayna itkisi

  • Əsgər Möhsümoğlu

“Corc, sən başa düşməlisən, Ukrayna ölkə deyil,” deyə Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə Buxarestdə NATO sammiti zamanı ABŞ prezidenti ilə təkbətək görüşdə bildirmişdi. Dövlət başçısına çevrilmiş sabiq KQB agenti Corc Buşu inandırmağa çalışırdı ki, Ukrayna adlanan dövlət əslində Şərqi Avropa və Rusiyanın ona bağışladığı torpaqlardan ibarət əldəqayırma siyasi qurumdur. Bəlkə də elə bu səbəbdən Vladimir Putinin Ukrayna milli varlığının möhkəmlənməsində əvəzsiz rolu indi paradoksal görünür.

Bu müharibə sayəsində ilbəil daha çox ukraynalılar ana dilində danışmağa üstünlük verirlər.

“Putinin Müharibəsi Ukraynanı Dəyişir” başlıqlı məqaləsində The Washington Post köşə yazarı Anne Applebaum demokratik idarə üsuluna yenicə qədəm qoymuş post-sovet ölkəsində müşahidə olunana maraqlı cərəyan haqda bəhs edir.

Donetskdən gəlmiş tələbələr birinci dəfə Lvivə gələndə daim qrup halında gəzişər, başqaları ilə qaynayıb-qarışmaz, yalnız rusca danışardılar, deyə şəhər universitetinin rektoru amerikalı yazara üç il öncəki situasiyanı təsvir edir. Onlar qaçqın idilər – Rusiyanın Donetskdə başlatdığı separatçı müharibənin qurbanları.

Bayraqları bayraq yapan... Ukraynanın ərazi bütövlüyü uğrunda rus separatçılarla gedən doyüşlərdə yüzlərlə ukraynalı həlak olub.

Ancaq ikinci ildən üçüncü ilə keçəndə artıq çox şey dəyişmişdi. Yerli ukraynalı tələbələrlə şərqdən gəlmiş rusdilli ukraynalılar arasında fərq az qala ərimişdi.

Rusiyanın təcavüzündən dörd il keçmiş, 1.5 milyon daxili köçkün qərbi Ukraynadakı həyata artıq büsbütün inteqrasiya ediblər. Onların çoxu iş tapıb, qonşularına etimadları yüksəlib.

Ukraynanın şərqində konflikt hələ də davam edir. Elə həftə olmur ki, cəbhə xəttində itki baş verməsin. Ancaq tədricən bu sonugörünməz konflikt ictimai münasibətləri dəyişir və Atlantik Şurasının hesabatında deyildiyi kimi “əsrin geosiyasi boşanması”-na yol açır.

Rusiya prezidenti Vladimir Putin Krımın ilhaq edilməsinin dördüncü ildönümünü bayram edir.

“Orta əsrlərdən bəri iqtisadiyyatları bir-biri ilə sıx bağlı olmuş Ukrayna ilə Rusiya arasında ticarət əhəmiyyətli şəkildə enərək Ukraynanın Avropa və dünyanın yerdə qalan hissəsi ilə edilən ticarətlə əvəzlənib. Hazırda Ukrayna ərzağının ən iri alıcısı Rusiya yox, Hindistandır. Qədim dini tellər ölür. Ukrayna Pravoslav Kilsəsi rəsmən Moskvadan ayrılıb. Hətta şəxsi əlaqələr də solur. Təyyarə reyslərinə qoyulmuş qadağa fonunda ukraynalıların əksər qismi Rusiyada yaşamağa, yaxud işləməyə getmir – çoxsu qonşu Polşaya üz tutur,” Applebaum yazır.

Boşanmanın əlamətləri ən çox mədəni sahələrdə özünü büruzə verir. Rusiya dövlət televiziyalarının yayımı ölkədə qadağan olunub, radio stansiyalara oxutduqları mahnıların neçə faizinin Ukrayan mənşəli olmasına dair konkret şərtlər təsbit edilib.

Keşiş cəbhəyə yollanmazdan öncə ukraynalı döyüşçülərə xeyir-dua verir. Kiyev, Ukrayna.17 mart, 2015.

“Bəziləri hətta bir qədər də uzağa getmək istəyirlər. Səfehcəsinə, Lvivdəki regional parlament ötən həftə bütün rus ədəbiyyatına və musiqisinə qadağa qoymaq məramını açıqladı,” deyə Applebaum Ukraynada anti-rus sentimentinin yüksəlişinə işarə edir.

Müəllif baş verənlərin alovlu-ölümlü müharibə ilə emosional əlaqəsini danmır. Lakin, onun müşahidələrinə görə, daha mühümü hərəkətdə olan tektonik dəyişiklikdir.

“Bu müharibə sayəsində ilbəil daha çox ukraynalılar ana dilində danışmağa üstünlük verirlər. Bu müharibə sayəsində nəhəng ölkənin müxtəlif regionları bir araya gələrək milli vəhdət nümayiş etdirirlər… Daha çox ukraynalı özlərinə Rusiyaya zidd olaraq “avropalı” kimi baxır, və daha çox ukraynalı “avropalı” olmağın mənasını dərk edir.

Sovet erasından miras qalmış bolşevik inqilabının rəhbəri Vladimir Leninin heykəlini ukraynalı fəallar milli bayrağın rəngləri ilə boyayıblar.

Applebaum Ukraynada təşəkkül tapmış Qərbyönümlü hökuməti cəzalandırmaq üçün hərbi təcavüzə əl atan Vladimir Putinin siyasətinin necə əks-effekt verməsinə, özünü az qala qəhrəman kimi təqdim edən rus liderinin millətə bəxş etdiyi “strateji hədiyyəsinin” necə məhdud olmasına diqqət çəkir.

“Onun Ukraynaya müdaxiləsi bir vaxtlar dost-doğma ölkəni düşmənə çevirdi… Ukrayna zorakı siyasətin gözlənilməz fəsadlarına – qısa dönəmli qələbənin uzun dönəmli məğlubiyyətə gətirib çıxarmasına bariz nümunədir,” Applebaum fikrini tamamlayır.