Bəzən sadə statistik rəqəmlər ölkənin haradan gəlib haraya getdiyi haqda daha dolğun təsəvvür yaradır, sabiq Sovet məkanı üzrə amerikalı ekspert Paul Goble yazır. Belə ki, bu rəqəmlər ölkə əhalisinin özü və dünya arenasındakı rolu haqda baxışlarına aydınlıq gətirir.
Yenicə üzə çıxan statistik rəqəmlər bunlardır:
- Sovet İttifaqı II Dünya Müharibəsində 28 milyon deyil, 50 milyon adam itirib.
- Çar dövründən bəri ilk dəfədir ki, rusların maaşı çinlilərinkindən azdır.
- Rusiyada əhali artımının 90 faizi mühacirlərin payına düşür.
Paul Goble rəqəmlərə baxaraq tələsik nəticələr çıxarmamağı tövsiyə edir. “Bütün statistikalarda olduğu kimi situasiya burada da ilk baxışda göründüyü kimi sadə deyil,” o yazır.
Nüremberq ədalət məhkəməsinin 70-ci ildönümü münasibətilə düzənlənən tədbirdə çıxış edən sabiq prokuror müavini Aleksandr Zvyagintsev deyib ki, II Dünya Müharibəsində həlak olanların sayının hesablanmasına fərqli yanaşmaq lazımdır. Onun sözlərinə görə, indiyədək ölənlərin sırasına sonradan aldığı yaralar nəticəsində vəfat edən və potensial valideynlərini itirdiklərinə görə doğulmayanlar daxil deyil Bu rəqəmlər nəzərə alınsa, toplam rəqəm bir çox Avropa ölkələri əhalilərinin sayını ötmüş olur.
“Bu, ölkəmizin faşizm üzərində qələbə üçün ödədyi bədəldir,” Zvyagintsev bəyan edib. Lakin onun sözlərinə görə, bir çox Avropa ölkəsində insanlar sovetlərin və rusların verdiyi qurbanları düzgün qiymətləndirmir. Qələbənin ruslardan oğurlandığını iddia edən Zvyagintsev bu yaxınlarda keçirilən sorğuda avropalıların yalnız 12 faizinin faşizm üzərində qələbədə SSRİ-nin başlıca rol oynadığına inandıqlarını bildirib.
Goblun sözlərinə görə bir tərəfdən müharibədə ölənlərin sayını artırmaqla Zvyagintsev yeni bir şey kəşf etmir. Ancaq digər tərəfdən rusların “Böyük Vətən Müharibəsi” adlandırdıqları mücadilədə verdikləri qurbanların sayına rəğmən Qərbin bunu yetərincə dəyərləndirməməsi haqda hisslər güclənir.
Renessans Kapital təşkilatı bu yaxınlarda müəyyən edib ki, ilk dəfə olaraq Rusiyada dollar ekvivalentli maaşın həcmi Çində verilən orta maaş səviyyəsindən aşağı düşüb. 2001-ci ildən bəri rusların əmək haqqı 30 faiz azaldığı halda eyni periodda Çində maaşlar qalxıb.
Rusların hazırda orta aylıq əmək haqqı $558 ABŞ dolları təşkil etdiyi halda Çində əməkçilər $740 dollar qazanırlar. Goble əlavə edir ki, ruslar maaş səviyyəsinə görə onsuz da qonşu Çex Respublikası, Macarıstan və Polşadan geridə qalır. Və onlar artıq çoxdan özlərini Qərbi Avropa ilə müqayisə etmir. Amma Çinin rusları maaş səviyyəsində ötməsi yeni bir mərhələnin startına işarə edir ki, bu da Vladimir Putinin iqtisadi siyasəti haqda yaxşı heç nə demir.
Nəhayət üçüncü amil olaraq, Rosstatın statistikasına əsasən mühacirlər Rusiyada əhali artımının 91.5 faizinə görə məsuliyyət daşıyırlar. “Onlarsız Rusiyada əhali artımı demək olar ki, baş verməz,” amerikalı təhlilçi yazır. “Əlbəttə, burada yeni bir şey yoxdur. Rusiyada doğum səviyyəsi aşağı, ölüm səviyyəsi isə yuxarıdır. İmmiqrasiya olmadan ölkə əhalisi ən yaxşı halda stabil qalar, yaxud da azalma qeydə alınar.”
Lakin rusların mühacirlərə mənfi münasibətləri nəzərə alınsa, hazırkı hal Rusiyanı çətin duruma salır. “Əgər Moskva daha çox mühacir gəlişinə icazə versə, ölkə əhalisi ilə bərabər sosial gərginlik də artacaq. Lakin mühacirət məhdudlaşdırılsa, onda əhali və əmək qüvvəsi azalacaq. Bu isə iqtisadi artım perspektivlərini daha da zəiflədəcək,” Paul Goble düşüncələrini yekunlaşdırır.