Bloq: Olimpiya ilğımı

  • Əsgər Möhsümoğlu

Pyeonqçanq Qış Olimpiya Oyunlarının açılış mərasimi tarixi bir hadisə ilə yaddaşlara həkk olundu. Bir-biri ilə texniki baxımdan hələ də müharibədə olan Şimali və Cənubi Koreyalar vahid komanda qismində açılış mərasiminə qatıldılar. Parlaq ağ gödəkcələri ilə birləşmiş Koreya ideyasını tərənnüm edən bayraq altında idmançıların addımlamasını çoxları sevinclə qarşıladılar. “Bu, gözəl bir hissiyat idi,” Uri Fridman Atlantic məcmuəsində yazır. “Lakin burada bir bədgümanlıq də var idi.”

Bu həmin Şimali Koreyadır ki, ötən il ərzində beynəlxalq qanunları, BMT qətnamələrini qulaqardına vuraraq bir-birinin ardınca ballistik raket sınaqları keçirib, dünyanın aparıcı dövlətlərini dəhşətli nüvə hücumları ilə hədələyib.

İstənilən dövlət üçün Olimpiya Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək bir şərəfdir, nailiyyət göstəricisidir. Tarixdə ilk dəfədir ki, Cənubi Koreya Qış Olimpiadasına, və ikinci dəfədir ki, ümumiyyətlə Olimpiya Oyunlarına ev sahibliyi edir. Fridmanın sözlərinə görə, Cənubi Koreya hökumətinin və idmançılarının bu şöhrət anını Şimali Koreya ilə paylaşması böyük səxavət əlaməti, inanılmaz bir jest idi. Halbuki, özünü dünyadan təcrid etmiş Stalinist dövlət “tədbirin təşkilinə heç bir töhfə verməmiş, qeydiyyat üçün verilən möhləti buraxmış və qabiliyyətlərinə görə yarışa kvalifikasiyası çatan cəmi iki idmançıya sahib idi.” Əslində, baş verənlərin özü də Seul və Beynəlxalq Olimpiya Komitəsinin aylarla Pxenyanı yarışlara qatılmağa inandırmaq səylərinin nəticəsi idi.

Əleyhdarları sülalə rejiminin “təbəssüm diplomatiyası” ilə Şimali Koreya hökumətinin öz xalqını məruz qoyduğu aclıq və repressiyanı pərdələməyə çalışdığını deyir.

“Hərçənd ki, Şimali Koreyadan gələn idmançılar Beynəlxalq Olimpiya Komitəsi rəhbərinin öz nitqində söylədiyi kimi, “sülh, qarşılıqlı hörmət və harmoniya içərisində birlikdə” necə yaşamağın vacibliyini sərgiləyirdilər, onların liderləri bunu etməyiblər,” Fridman yazır. “Sonuncu dəfə Cənubi Koreya 1988-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəndə, Şimali Koreya hökuməti oyunlar zamanı əhval-ruhiyyəni korlamaq məqsədilə Cənubi Koreya təyyarəsini səmada vuraraq 115 sərnişinin həyatına son qoymuşdu.”

Bu həmin Şimali Koreyadır ki, ötən il ərzində beynəlxalq qanunları, BMT qətnamələrini qulaqardına vuraraq bir-birinin ardınca ballistik raket sınaqları keçirib, dünyanın aparıcı dövlətlərini dəhşətli nüvə hücumları ilə hədələyib. Pxenyanın sınaqdan keçirdiyi atom bombası gücünə görə 1945-ci ildə Hiroşimaya atılmış bombadan 17 dəfə güclü idi. Rejimin Kim Conq Unun ögey qardaşını Malayziya aeroportunda kimyəvi hücumla öldürməsinə dair əsaslı şübhələr mövcuddur. “Amma budur – Şimali Koreyanın Olimpiya komandası Pyeonqçanq təmtərağında parlamağa çalışır,” Fridman yazır.

Kim Conq Un hakimiyyətə gəldikdən bəri ölkəsinin ballistik raket proqramını intensivləşdirib.

Müəllif Şimali Koreyanın Olimpiadaya qatılmasında müsbət çalarların olduğunu inkar etmir. Ən azı yarış zamanı Pxenyanın yeni provokasiyalara əl atacağı ehtimalı azalmış oldu. Öz növbəsində ABŞ və Cənubi Koreya hərbi qüdrətləri təlimləri təxirə salıblar. Cənubi Koreya prezidenti Mun Cae-in oyunlar ərəfəsində ikitərəfli təmasların canlanmasını alqışlayıb və Şimali Koreya diktatorunun bacısı Kim Yonq Namın əlini sıxıb. Bu qadın şimalda yarım əsrdən çoxdur ki, hökmranlıq edən sülalənin Cənuba gəlmiş ilk üzvüdür.

“Amma biz belə olimpiya mərasimini əvvəllər də görmüşük. Dəqiq desək – doqquz dəfə,” müəllif yazır. Şimali və cənubi koreyalılar 2000-ci ildə Avstraliyadan başlayaraq 9 beynəlxalq idman yarışlarında vahid komanda kimi mərasimə qatılıblar. Bu görüntünün pərdəarxası məqamlarına işıq salan Fridman Şimali Koreyanın Seuldan uniformalar üçün pul ödəməyi və şimallıların sayını nisbətdə bərabər göstərmək üçün mərasim zamanı addımlayacaq öz idmançılarının sayını azaltmağı tələb etdiyini bildirir. Əvvəlki sammitə qatılmaq üçün Cənubun Şimala yüz milyonlarla dollar pul verdiyi haqda da məlumat dolaşır.


2006-cı il İtaliyada oxşar həmrəylik nümayişindən cəmi 8 ay sonra Pxenyan ilk atom silahını sınaqdan keçirdi. 2014-cü il Asiya Oyunları zamanı da Stalinist rejim oxşar əmələ əl atdı. Yarışlardan bir neçə gün sonra Şimal-Cənub sərhədində qızğın atışma baş verdi.

Şimali Koreya üzrə təhlilçi Bryus Klinqner Pxenyanın son Olimpiya jestini Troy atına bənzədir. “Elə bil ki, keşikçilər baş qərargaha radio edərək şimali koreyalıların darvazadan taxta at keçirdiyini xəbər verirlər. Doğrudanmı?” deyə ekspert Şimali Koreya ilə bağlı sərgilənən sadəlövhlüyə heyrətini gizlətmir.

ABŞ Vitse-Prezidenti Mayk Pens arxasında oturmuş Şimali Koreya liderinin bacısı Kim Yonq Namla görüşməkdən imtina edib.

Müəllifin fikrincə, Mun Cae-inin Şimala yersiz güzəştləri ölkədə müxalifətin qınaqları ilə üzləşir. Mühafizəkarlar artıq Peyonqçanq oyunlarını lağla “Pxenyan Olimpiadası” adlandırmağa başlayıblar. Hankyoreh qəzetiin baş məqaləsi açılış məraziminə birgə qatılmağın Olimpiadanın Şimala verilməsi demək olmadığını vurğulayıb. “Bunlar Olimpiadadan sonra nüvəsizləşdirməyə yönəlik danışıqlara zəmin yaradılmasına xidmət göstərir,” redaksiya heyəti izah edib.

Lakin müəllif skeptikdir. Əgər olacaqsa da, Olimpiadanın doğurduğu xoş məram qısaömürlü olacaq, deyə politoloq Endryu Bertoli razılaşır. Beynəlxalq idman yarışları, millətçilik və dövlətlərarası münaqişələri araşdıran Bertoli bu cür hadisələrdə tarixi qanunauyğunluq sezir.

“1936-cı ildə Berlində Olimpiya Oyunları zamanı Adolf Hitler öz rejiminin ideoloji təməlləri olan irqçiliyin və militarizmin alovunu almışdı. Ondan az sonra həmin Hitler dünya müharibəsinə və Holokosta start verdi. Soçi Olimpiadasından az sonra Rusiya lideri Vladimir Putin Ukraynada hərbi təcavüzə baş vurdu, deyə o, müşahidə edir. “Bu cür qısa dönəmli mehribanlaşmaya uyub dövlətlərin uzun-dönəmli davranışlarının dəyişəcəyinə bel bağlamaq yanlış olardı,” Bertoli deyir.

Adolf Hitler Nasist Almaniyasının ev sahibliyi etdiyi Olimpiya Oyunlarını seyr edir. Berlin, 1936.

Fridman Pxenyanın hətta bu jestdə də məramının daha qaranlıq olduğunu hesab edir. Onun fikrincə, ortaya vahid Koreya söhbətini atmaqla Pxenyan həlledici məqamda xalqın emosiyaları ilə oynayaraq ABŞ-Cənubi Koreya ittifaqında çatlar əmələ gətirməyə çalışır. Artıq indidən Tramp administraiyasının Şimala qarşı “maksimum təzyiq” kampaniyasına iki dövlət arasındakı yanaşmalarda fərq özünü büruzə verir. Bir tərəfdən ABŞ qəti şəkildə Şimalla diplomatik təmaslardan çəkinir və sərt mövqe sərgiləyir, digər tərəfdən Cənub oyunların danışıqlar üçün “fürsət” olduğuna dair siqnallar verir. Bu fərqin göstəricisi olaraq Fridman Olimpiadaya rəsmi statusda qatılan ABŞ Vitse-Prezidenti Mayk Pensin israrla Şimali Koreya rəsmiləri ilə görüşməkdən imtina etməsinə diqqət çəkir.

Heç şübhəsiz, dünyanın ən sıx militarizasiyalaşdırılmış zonasından vur-tut 50 kilometr məsafədə düşmən dövlətlərin bir-birinə mehribanlıq nümayiş etdirməsi ssenarilərdən ən pisi deyil. Lakin görüntülərin aldadıcı ola biləcəyini və Şimali Koreyanın indinin özündə dünyanın ən repressiv totalitar dövlətlərdən biri olduğunu yaddan çıxarmaq təhlükəli olardı. İmkan vermək olmaz ki, Şimali Koreya hökumətinin Olimpiadaya yolladığı 230 gözəl, gülərüz, itaətkar həvəskarlar briqadası yarımadanın nüvə müharibəsinə necə yaxın olduğunu pərdələsin, deyə müəllif xəbərdarlıq edir.