Bloq: 11 sentyabr Amerikanı necə dəyişdi

  • Əsgər Möhsümoğlu
2001-ci il, 11 sentyabrdan əvvəl Amerikada yaşamış bəzilərimiz o vaxtların sadəliyini, məsumluğunu yaxşı xatırlayır. Aeroportda kimisə yola salanda təyyarənin girəcəyinədək gedə bilirdin. Yoldaşlarınla internetdə yazışanda mesajlarının başqa kimsə tərəfindən oxunula biləcəyini ağlına gətirmirdin. Üçüncü dünya ölkələrində olduğu kimi ara-sıra metroda əli avtomatlı polis zabitlərinə rast gəlmirdin. Heç şübhəsiz, Amerika hələ də qanunun ali olduğu, tolerant bir cəmiyyətdir, amma Washington Examiner qəzetinin köşə yazarı Gene Healy-nin bu fikri ilə də razılaşmamaq olmur ki, 11 senyabr Amerikaya özü ilə bir qorxu irsi gətirdi.


Prezident Obama bu yaxınlarda söylədiyi nitqdə bəyan edib: “11 sentyabrın irsi odur ki, biz əminliklə deyə bilərik ki, heç bir düşmən, heç bir terror aktı bizim kimliyimizi dəyişə bilməz.” “Kimlə zarafat edirsən?” Gene Healy soruşur. “Bizim kimi özəl təyyarəsi olmayan adamlar üçün aeroporta getmək nikbinlik üçün heç bir əsas vermir. Ayaqqabılarımızı çxarıb, təhlükəsizlik növbəsində yavaş-yavaş irəliləyirik. Növbənin sonuna çatanda hökumət işçiləri hər yerimizi yoxlayır və çılpaq şəklimizə baxır.” Bundan əlavə, müəllifin sözlərinə görə, terrora qarşı mübarizə şüarı altında ABŞ prezidenti əlində təhlükəli dərəcədə səlahiyyətlər cəmləşdirib. Fakt budur ki, 11 sentyabr Amerikanı radikal şəkildə dəyişib – özü müsbət mənada yox.


11 Sentyabrdan bəri Amerika milyardlarlarla dollar xərcləyərək hökumət maşınını terrora qarşı müharibəyə səfərbər edib. Amma bu işi görənlər pulun və fərdi azadlıqların nəyə qurban verildiyi haqda düşünməyiblər. Hücumlardan az sonra Federal Təhqiqat Bürosu ABŞ-da 5 000 Əl-Qaida agentinin olduğunu güman edirdi. 2005-ci ilədək ölkədə bir dənə də olsun Əl-Qaida terrorçusu həbs olunmamışdı. “Nə vaxtsa sübutun yoxluğu, yoxluğun sübutuna dəlalət edir,” deyə Healy müşahidə edir.


11 senyatbrdan 11 il keçmiş ABŞ ərazisində heç kim primitiv bomba belə partlatmağa nail olmayıb. Amma terrora qarşı müharibəyə sərf olunan səylər insanda belə bir yanlış təsəvvür yaradır ki, hər addımbaşı amerikalıları terror təhlükəsi gözləyir. Realıq isə bundan ibarətdir ki, təyyarədə törədilən terror hücumunda ölmək şansı 25 milyonda 1-dir. Müqayisə üçün, ildırım zərbəsinə məruz qalmaq şansı 500 000-də 1-dir. “Bəşər tarixində heç zaman bu qədər az imkanlara malik bir ovuc adam bu qədər çox adamı qorxutmağa nail olmayıb,” deyə antropoloq Skott Arkan baş verənləri şərh edir. Nəticə isə bu qorxunun şərəfinə inşa edilmiş nəhəng bürokratiya piramidasıdır ki, öz mövcudluğuna haqq qazandırmaq üçün qorxu irsini davam etdirir.