Bloq: Mərakeş Variantı

  • Əsgər Möhsümoğlu

Bloq: Mərakeş Variantı

Tunisdən başlayan üsyan dalğası ərəb diktaturalarını domino daşları kimi bir-birinin ardınca yıxdıqca, uzun müddət ölkəni təkbaşına (və özbaşına) idarə etməyə alışmış liderlər təlaş keçirirlər. Bəziləri başını götürüb qaçan Tunis diktatoru Ben Əli variantını, başqaları isə sonadək vuruşan Müəmmər Qəzzafi variantını nəzərdən keçirir. Amma ortada başqa yol da var: Mərakeş yolu.

32 milyonluq əhalisi olan Mərakeşdə bu günlərdə mötədil İslam təmayüllü partiya parlament seçkilərində qələbə çaldı. Hökumətin təşkilini qalib partiyaya həvalə etməyə söz vermiş Kral IV Məhəmməd vədinə sadiq qalaraq hökumətin təşkilini Ədalət və İnkişaf Partiyasına tapşırdı. 395 yerlik parlamentdə 107 yeri qazanan ƏİP öz qələbəsi ilə bir çoxlarını təəccübləndirdi. Amma ən təəccüblüsü o idi ki, Mərakeş kralı əlindəki mütləq hakimiyyəti paylaşmağa, xalqla hesablaşmağa bəri başdan razılıq verərək Mərakeşin qonşu Liviya kimi qan çanağına çevrilməsinin qarşısını aldı.

“Kral sarayının Tunisdə baş verənlərə ilk reaksiyası o oldu ki, istənilən adama küçədə mal satmağa icazə verildi. Amma bu icazə də xalqın könlünü almadı. Fevralın 20-də on minlərlə adam küçələrə çıxaraq “20 Fevral Hərəkatını” başlatdı. Bu dəfə də saray tez hərəkətə keçərək etirazlara islahatlarla cavab verdi. Martın 9-da xalqa televiziya ilə müraciət edən IV Məhəmməd ‘Mən bu islahatları istəyirəm!’ mesajı verdi,” deyə Mərakeşdə səfərdə olan John Fund yazır.

Ölkədə yeni konstitutsiya yazıldı. Monarxiyaya hörmət müddəasi qorunub saxlansa da, bu konstitutsiya Mərakeşin demokratik idarəçiliyini əhatə edən ən liberal sənəd kimi tarixə düşdü. Seçicilərin böyük əksəriyyəti konstitutsiyanı təsdiq etdikdən sonra avtomatik parlament seçkiləri prosesinə start verildi. İlk dəfə olaraq hakimiyyətdə olmamış partiya səsverməni qazandı.

Hakimiyyətə İslamçıların gəlməsindən narahat olanları Fund sakitləşdirməyə çalışır. Onun yazdığına görə yeni qüvvələr hökumətdə məsuliyyətli oyunçu olduqlarını ictimaiyyətə sübut etməyə çalışırlar. Onlar seçicilərin partiyadan nə kimi islahatlar gözlədiyini dərk edirlər. “Biz iqtisadi artım, daha çox xarici investisiya və hökumət islahatlarının təkamülünü istəyirik, deyə ƏİP platformasının müəllifi Xəlfi Mustafa John Funda bildirir. Partiya ABŞ-la Mərakeş arasındakə azad ticarət razılaşmasını dəstəkləyir və özəlləşmənin tərəfdarıdır. Xəlfi Mustafa iqtisadi məsələlərdə ABŞ Demokratlarından, sosial dəyərlərə gəldikdə isə Respublikaçılardan dərs aldıqlarını deyir.

Yəqin hakimiyyətə silahlı inqilab yolu ilə deyil, intizamlı seçkilərdə gəlməyin nəticəsidir ki, İslamçılar ölkəni 8-ci əsrə sürükləməyə mandat almadıqlarının fərqindədirlər. Kim bilir, Şah Pəhləvi vaxtında azad seçkilər keçirsəydi, indiki İran necə olardı? Görəsən seçkilər yolu il hakimiyyətə gələn qüvvələr hələ də vətəndaşları küçələrdə qurulmuş dar ağaclarından asa bilərdilərmi? Kim bilir, gələcəyi indiki İran İslam Respublikaları olacaq nə qədər ölkə var?