Bloger Rəşad Ramazanov işgəncəyə məruz qaldığını bildirir

Bakı Apellyasiya Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan bloger Rəşad Ramazanovun şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə bugünkü prosesdə Ramazanov ona qarşı irəli sürülmüş ittihamı rədd edib, sosial şəbəkələrdə tənqidi nəşrlərinə görə təqibə məruz qaldığını bildirib.

"Rəşad dedi ki, o, Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb, orada onun cibinə narkotik qoyulub və etirafedici ifadələrə qol çəkməsi üçün ona işgəncələr verilib. Rəşad Ramazanovun hər iki ayağında, başında izlər var. Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göyümtül qançır) izləridir" deyə o bildirib.

Müdafiə tərəfi həbsqətimkan tədbirinin dəyişdirilməsi üçün hüquqi vasitələrdən istifadə etməyə davam edəcək. Bundan başqa, işgəncələrlə bağlı şikayət veriləcək.

Rəşad Ramazanovun ailəsi isə hələlik mediaya açıqlama vermir.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a bildirib ki, məhkəmə prosesi zamanı Rəşad Ramazanov tərəfindən səsləndirilən iddialar əsassızdır. "Həmin iddialar gözləniləndir və onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyatı üzrə müraciət etmək hüququ var".

Rəşad Ramazanov mayın 20-də həbs olunub. Ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu Rayon Məhkəməsi tərəfindən Ramazanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli hüquq müdafiə təşkilatları onun həbsinin əsl səbəbini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar.

2019-cu ilin martında Rəşad Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.