Bloger Mehman Hüseynova qarşı cinayət işi tənqidlərlə qarşılanıb

Həbsdə olan bloger Mehman Hüseynova qarşı yenidən cinayət işi qaldırılması tənqidlərlə qarşılanıb. Azərbaycanın bir çox ictimai-siyasi xadimləri cinayət işinin qurama olduğunu bildirib.

Emin Hüseynov: "İttihamlar cəfəngiyatdır​"

Emin Hüseynov

Hazırda mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov qardaşı Mehman Hüseynova qarşı qaldırılan cinayət işini təxribat adlandırıb.

“Biz Mehmana qarşı belə bir təxribat gözləyirdik. Ona mart ayında (2019-cu ilin martı nəzərdə tutulur- red.) həbs müddəti başa çatsa da, azadlığa çıxmayacağı barədə xəbərdarlıq etmişdilər,” o qeyd edib.

E.Hüseynovun sözlərinə görə, M.Hüseynova deyiblər ki, bu ilin yayında anasının məzarı başında dedikləri ilə bağlı onun haqqında yeni cinayət işi açıla bilər.

“İttihamlar cəfəngiyatdır. Həbs şəraitində cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməyə kim inanar? Mehman Hüseynova qarşı cinayət işi başlayıblar, vəkillərinin belə xəbəri yoxdur. Bu, yeni saxta cinayət işidir,” Emin Hüseynov bildirib.

İlqar Məmmədov: "AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi təcili Bakıya gəlməyə borcludur"

İlqar Məmmədov

REAL Partiyasının sədri İlqar Məmmədov Facebook səhifəsində yazır ki, Mehman Hüseynovun işinin artırılması haqqında xəbər tutan kimi öz twitter hesabımda AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisinin təcili şəkildə Bakıya gəlməyə borclu olduğunu bildirdim.

O da cavab yazdı: `Hesabatımın giriş memorandumu yanvar ayında AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinə təqdim olunacaq. Həmin andaca komitədən Azərbaycana səfər etməyimə icazə istəyəcəm. Cəmi 6 ay əvvəl təyin olunmuşam və səbirsizliyinizi anlayıram, amma bu, AŞPA-da normal baxış müddətidir.` Bu, o deməkdir ki, 2019-cu il ərzində onu Azərbaycana buraxmayacaqlar (əvvəlki məruzəçi Strasser kimi) və siyasi məhbuslar problemi ilə bağlı AŞPA-nın araşdırma sonucu olan qətnaməsi 2020-ci ilin yanvarından tez qəbul olunmayacaq. İcrası da bir beş il çəkər”, Məmmədov qeyd edib.

Əli Kərimli: "Bu rəzalətə hamılıqla etiraz etməliyik"

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirir ki, vicdan məhbusu Mehman Hüseynova qarşı yeni cinayət işinin açılması bütövlükdə cəmiyyəti ayağa qaldırmalıdır.

“Bu şərləmə təkcə Mehman bəyə, azad mətbuata qarşı deyil, bütövlükdə cəmiyyətə, onun azadlıq arzularına qarşıdır. Bu günlərdə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə, hicab məhbusu Telman Şirəliyevə qarşı da həbsdə ikən ikinci cinayət işi açılıb. Bu artıq yeni tendensiyadır. Rejim cəmiyyətə açıq deyir ki, siyasi məhbusları nəinki vaxtından əvvəl, hətta vaxtında da azad etmək fikri yoxdur. Əksinə, bacarsa, onları daimi olaraq həbsdə saxlayıb, məhv etmək istəyir. Bu rəzalətə hamılıqla etiraz etməliyik”, Kərimli Facebook səhifəsində yazıb.

Bəxtiyar Hacıyev: "Cavab verməliyik ki, bu praktika dayansın"

Bəxtiyar Hacıyev

İctmai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Mehman Hüseynovun həbsxanada yenidən həbs müddətinin uzadılmasına çox sərt və ciddi reaksiya gəlməlidir.

“Başımıza gələnlər ona görə gəlir ki, hər dəfə 1-2 post yazıb susuruq, sistemli işləmirik. Buna görə də hakimiyyət hər dəfə tədbirlərini daha da sərtləşdirir, qisasçılıq üçün zəmin hazırlayır, ölkəni Suriyaya çevirir. Siyasi partiyalar və QHT-lər, müstəqil vətəndaşlar olaraq biz də əlimizdən gələn ən sərt yollarla cavab verməliyik ki, bu praktika dayansın.

"Mən siyasətə qarışmıram", "Mehmandan mənə nə axı" deyənlər bir də düşünsünlər ki, bu haqsızlıq onların ailə üzvlərinin başına gəlir. "Mən siyasətə qarışmıram" deyənləri də evlərindən bəzən sürüyüb çıxarırlar, bəzən onlar da məhkəmədə haqsız qərarlar, hökmlərə məruz qalırlar. Ona görə də ən minimum edə biləcəyiniz, bu gün Mehman Huseynovun şərlənməsindən yaza bilərsiniz. Yazın, etirazınızı bildirin, addımı pisləyin, nifrətə layiq hərəkət olduğunu çatdırın. Əmin olun ki, səsiniz ünvanına çatacaq”, Hacıyev Facebook səhifəsində yazıb.

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan bloger Mehman Hüseynova qarşı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi başlayıb.

Mehman Hüseynov cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham edilir.

Mehman Hüseynov 2017-ci il martın 3-də Bakının Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.

Son zamanlar həbsdə olan 4 ictimai-siyasi fəala qarşı cinayət işi qaldırılıb.

Belə ki, 11 illik həbsdən sonra həbsxanada qanunsuz narkotik saxlamaq ittihamı irəli sürülmüş sabiq səhiyyə naziri Əli İnsanova əlavə olaraq 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Xalq Cəbhəsi Partiyasının fəalı Məmməd İbrahim yaxınlarda eyni tale ilə üzləşib. Bu il sentyabrın sonlarında dini fəal Telman Şirəliyevə qarşı yeni cinayət işi açılıb. Mehman Hüseynov isə bu sırada dördüncü şəxsdir.

Penitensiar Xidmət tənqidləri qəbul etmir. Məhbusların qanunvericiliyə uyğun qaydada saxlanıldığını və onlarla daxili intizam qaydalarına uyğun davranıldığını bildirir.