Bloq: Yol Əhvalatı

  • Əsgər Möhsümoğlu
Hər bayram mövsümündə xatirələri mənə doğma olan Pennsilvaniyanın Quakertown şəhərinə gedərkən bir yolun adı diqqətimi cəlb edir – John Fries Highway. Bir müddət öncə maraq mənə güc gəldi və bu John Fries-ın kimliyini araşdırmağa başladım. Belə məlum oldu ki, John Fries Amerikada müstəqilliyin ilk günlərində mərkəzi hökumətə qarşı qiyam qaldırıb. Quakertownda və ətraf ərazilərdə federal vergi rəsmilərinə qarşı kütlələri səfərbər edib silahlı müqavimətə qaldıran Fries iki dəfə həbs olunub və edam cəzasına məhkum edilib. Amma sonda prezident John Adams mühasibdən üsyançıya çevrilmiş bu adamı əvf edib. İndi isə sabiq qiyamçının adına yerli sakinlər yol qoyublar.


Ümumiyyətlə coğrafi məkan, yol adlarına gəldikdə Amerika unikal ölkədir. Məsələn, Vaşinqtonda yaşayan hər kəs tez-tez Jefferson Davis Highway yaxud Lee Highwaydə yol getməli olur. Kiməsə harasa getməyi izah edərkən gündəlik səyahət leksikonuna düşmüş bu yolların adlarını çəkəndə çox az adam paradoksa diqqət yetirir. Axı Jefferson Davis kimdir? Davis 1861-65-ci illərdə Amerikada qanlı vətəndaş müharibəsi zamanı Cənub Konfederasiyasının prezidenti olub. Bu həmin konferederasiyadır ki, buraya daxil olan ştatlar quldarlığın və ştat hüquqlarının müdafiəçisi olaraq Amerika Birləşmiş Ştatlarından ayrılmağa qərar veriblər. Nəticədə meydana çıxan müharibə Amerika tarixində ən çox adamın ölümü ilə müşayiət olunan bir müharibə olub. Di gəl Amerikanı həmin müharibədə qələbəyə aparmış Abraham Linkolnun abidəsi rəqib qüvvələrə başçılıq etmiş Jefferson Davis magistralından cəmi bir neçə mil aralıda yerləşir. Bəs Lee Highway? Söhbət general Robert E. Lee-dən gedir – o adam ki, cənub qüvvələrinin hərbi komandanı olub.

Nəzərə alanda ki, Amerikanın bəzi qocaman şəhərlərində – məsələn Annapolisdə yaxud Alexandriada hələ də “Kral”, “Kraliça”, “Şahzadə” küçələri var, yəqin ki, bu hal təəccüb doğurmamalıdır. Amma necə də olmasa… Təsəvvür edin ki, inqilab edib, İngiltərə krallığından ayrılmış kolonistlər bir çox şəhərlərdə küçələrin adlarını dəyişməyə lüzum görməyiblər. Mənim uşaqlığım Sovet İttifaqı adlanan ölkədə keçib. İndiyədək Çar Nikolayın, Çar Aleksandrın yaxud ümumiyyətlə inqilabdan əvvəl hansısa dövlət xadiminin adına küçə adı xatırlamaqda çətinlik çəkirəm. Tarixə hakimiyyətin bir aləti kimi baxan kommunistlər təkcə inqilabdan əvvəlki eranı, şəxsiyyətləri inkar etmirdilər. Hətta sovet dövləti daxilində hakimiyyət dəyişikliyi köhnə rəhbərliyin ictimai səhnədən silinməsi ilə müşayiət olunurdu. Sovet lideri İosif Stalinin ürəyi köhnə bolşeviklərin adını ensiklopediyadan çıxarmaqla da soyumurdu. Bir çox hallarda onun əmri əsasında şəkillər, filmlər montaj olunur və diktatorun həyatdan sildiyi adamlar görüntüdən də silinirdilər. Elə bil heç vaxt olmamışdılar.

Keçmişə ehtiramla bağlı debatda birmənalı mövqe tutmağın da öz çətinlikləri var. Məsələn, Kral küçəsi ilə getməyə az adam etiraz edər. Yaxşı bəs Adolf Hitler küçəsində necə? Yaxud İosif Stalin prospekti? Milyonlarla günahsız insanın ölümünə bais olmuş bu zatların adlarını sadəcə keçmişə ehtiram əlaməti olaraq əbədiləşdirmək olarmı? Beləsinin adına necə küçə saxlayasan?! Peşəkar hərbçi olaraq Robert E. Lee həm Şimalda həm də Cənubda böyük hörmətlə qarşılanırdı. Yəqin bu səbəbdən Şimal qüvvələrinin komandanı general Ulysses Grant təhvil-təslim aktının ardınca Robert Lee və onun tərəfdarlarına at üstündə evlərinə qayıtmağa və ABŞ-a qarşı silaha sarılmamaq şərtilə sonadək sakit həyat sürməyə icazə vermişdi. Bəziləri hələ də hesab edir ki, ABŞ hökuməti cənub rəsmilərinə lazım olandan xeyli artıq iltifat göstərmişdi. Amma Amerika xalqı sülh istəyirdi, və bu sülhün bədəli keçmişlə barışmaqdan, bütün ağrısı-acısı, habelə zamanın kodeksinə uyğun şərəf və ləyaqət hissinə hörmətdən keçirdi. Sanki mühacir millətin nümayəndələri çoxlarına tanış gələn və ikrah hissi oyadan qarşılıqlı inkar praktikasını Köhnə Dünyada qoymaqda qərarlı idilər.