Bloq: ABŞ-dakı diaspor təşkilatları 20 Yanvar hadisələrilə bağlı məktub kampaniyası keçirir

Amerikada yaşayan Azərbaycan diaspora təşkilatları 20 yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar məktub kampaniyasına başlayıb.

ABŞ Azərbaycanlıları şəbəkəsi USAN və Pax Turcica təşkilatı 1990-cu ildə Bakıda yanvarın 20-də baş vermiş hadisələrə siyasi qiymət verilməsi məqsədilə icma üzvlərinə ABŞ qanunvericilərinə məktub göndərilməsi üçün kampaniya keçirir.

Məktubda 1990-cı ilin yanvar ayının 20-də sovet ordusunun Azərbaycana hücum etdiyi və azərbaycanlıların fevral ayına qədər sovet işğalına qarşı mübarizə apardığı, hadisələrdə 170 adamın həlak olduğu, 321 nəfərin itkin düşdüyü, 700-dən çox adamın yaralandığı qeyd edilir.

Builki məktubda da beynəlxalq Human Rights Watch təşkilatının hadisələrlə bağlı hesabatında yazdıqları göstərilir: “Sovet ordusunun yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların göstərdiyi müqavimətlə o dərəcədə qeyri-proporsional idi ki, bunu kollektiv cəzalandırma adlandırmaq olar.”

Diaspor təşkilatları ABŞ-da yaşayan azərbaycanlıları yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması məqsədilə təmsil olunduqları ştatlardan seçilmiş konqresmenlər və senatorlara məktub göndərməyə çağırır. Məktublar həmçinin ABŞ-ın media vasitələrinə, ştat və yerli qəzetlərin redaktorlarına göndərilir.

ABŞ-dakı diaspor təşkilatlarının fəaliyyəti nəticəsində Amerikanın bir sıra ştatlarında 20 yanvar hadisələri ilə bağlı Nyu-Cersi, Nyu-York və Pensilvaniya ştatlarının yerli qəzetlərində məqalələr dərc edilib. Azərbaycan icması üzvlərinin səyləri nəticəsində isə ABŞ-ın Texas, Meyn və Alyaska kimi ştatlarının parlamentlərində, eləcə də Amerika şəhərlərinin bələdiyyələri səviyyələrində yanvar hadisələrinə dair rəsmi sənədlər qəbul edilib.