Blinken Qəzzada və Livanda gərginliyin azaldılması məqsədilə yenidən Yaxın Şərqə səfər edir

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada dalana dirənmiş atəşkəs danışıqlarını canlandırmaq, Qəzzaya humanitar yardıma daha geniş imkanı yaratmaq və Livanda İsraillə Hizbullah arasında müharibəni səngitməyə təkan vermək üçün çərşənbə axşamı İsrail liderləri ilə görüşəcək.

Danışıqlardan bir neçə saat əvvəl Hizbullah İsrailin Tel-Əviv və Hayfa yaxınlığındakı hərbi bazalarına raket zərbələri endirdiyini, İsrail isə Livandan atılan raketlərin qarşısını aldığını bildirib.

Livanın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin çərşənbə axşamı Beyrutun əsas dövlət xəstəxanası yaxınlığında həyata keçirdiyi hücum zamanı azı 13 nəfər ölüb, 57 nəfər yaralanıb.

İsrail hərbi qüvvələri hərbi dəniz qüvvələrinin mərkəzi bazası da daxil olmaqla, Beyrutda Hizbullahın çox sayda hədəfini vurduğunu bildirib.

2023-cü ilin oktyabrında Qəzzada münaqişə başlayandan bəri bölgəyə 11-ci dəfə səfər edən Blinkenin çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla danışıqları planlaşdırılıb.

Birləşmiş Ştatlar, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlar Qəzzada döyüşlərin dayandırılmasını və hələ də HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini təmin edə bilməyib.

Blinkenin çərşənbə günü İordaniyaya səfəri də daxil olmaqla, bölgədə bir sıra yerlərdə dayanacağı gözlənilir.

Dövlət Departamenti rəsmisi atəşkəs olmadan ərəb liderləri ilə müzakirələrin münaqişə sona çatdıqdan sonra Qəzzanın idarə olunması ilə bağlı təklifləri dəqiqləşdirmək səylərini əhatə edəcəyini bildirib. Rəsmi ABŞ-ın israillilərlə birbaşa müzakirə etməyə hazır olduğu post-konflikt planının elementləri olduğunu deyib.

Yaxın Şərq İnstitutunun İsrail məsələləri üzrə baş elmi işçisi Nimrod Qoren Amerikanın Səsinə bildirib ki, hər hansı potensial atəşkəs şərtləri ilə bağlı İsrail və HƏMAS mövqeləri arasında "hələ də çoxlu fərqlər var". O, Blinkenin səfəri zamanı diplomatik sıçrayışın olacağına şübhə ilə yanaşdığını bildirib.

"Fikir ayrılıqları ciddidir. Əsasən də İsrail HƏMAS-ın Qəzza zolağını daha idarə etməməsini və Qəzza zolağında təhlükəsizliyə təhdid olaraq, mövcud olmamasını istəyir, HƏMAS isə bunun əksini istəyir. Beləliklə, birbaşa girov məsələsindən sonra hər bir tərəfin əsas maraqları və ehtiyacları toqquşur", Qoren deyib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini çərşənbə axşamı Qəzzanın şimalındakı ailələrin daha təhlükəsiz ərazilərə təxliyə edilməsinə imkan yaratmaq üçün "bir neçə saatlıq da olsa" döyüşləri dayandırmağa çağırıb.

"İsrail qüvvələrinin təxminən üç həftəyə yaxındır fasiləsiz bombardmanları davam etdikcə, ölənlərin sayı artır. Qəzzanın şimalında insanlar sadəcə ölümü gözləyir. Onlar özlərini kimsəsiz, ümidsiz və tək hiss edir. Onlar hər saniyə ölümdən qorxaraq saatdan-saata yaşayır" - deyə, Lazzarini bildirib.

O, BMT əməkdaşlarının "ərzaq, su və ya tibbi yardım tapa bilmədiyini" deyib.

İranın dəstəklədiyi Hizbullah HƏMAS militantlarının 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumundan sonra İsrailə qarşı havadan hücumlara başlayıb. HƏMAS 1200-ə yaxın adamı öldürüb, 250-yə yaxın adamı əsir götürüb.

Qəzzadakı Səhiyyə Nazirliyi hərbi və mülki itkilərin sayını ayırmadan İsrailin Qəzza zolağına əks hücumu nəticəsində 42,600-dən çox fələstinlinin öldürüldüyünü bildirib.