Blinken Bayden administrasiyasının Türkiyəyə döyüş təyyarələrinin satışını dəstəklədiyini deyib

ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışını dəstəkləyir. Bazar ertəsi Türkiyə liderləri ilə danışıqlar aparmaq üçün Ankaraya səfər edən Blinken həm İsveç, həm də Finlandiyanın tezliklə NATO alyansına qoşulacağına əminliyini ifadə edib.

ABŞ Konqresi Türkiyəyə 20 milyard dollarlıq satışını təsdiqləməlidir. Buraya 40 reaktiv təyyarə və 80-ə yaxın modernləşdirmə dəsti də daxildir.

Blinken Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib ki, təklif olunan satışla bağlı Konqresə rəsmi məlumatın nə vaxt veriləcəyini deyə bilməz, lakin Bayden administrasiyasının bu sövdələşməni dəstəklədiyini çatdırıb.

"Bu, NATO-nun davamlı qarşılıqlı fəaliyyəti və ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir" - deyə, Blinken bildirib.

Çavuşoğlu deyib ki, F-16 məsələsinin Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsi ilə bağlı olmamalıdır. Türkiyə və Macarıstan yekdilliklə qəbul edilməli olan prosesdə İsveç və Finlandiyanın alyansa qoşulmasına icazə verməyən NATO-nun yeganə üzvləridir.

Blinken Birləşmiş Ştatların İsveç və Finlandiyanın "mümkün qədər tez" qəbul edilməsini dəstəklədiyini deyib.

Türkiyə təhlükəsizliklə bağlı narahatlığını ifadə edərək, İsveçin Türkiyənin terror təşkilatı hesab etdiyi qruplara qarşı çox yumşaq davrandığını bildirib.

Çavuşoğlu deyib ki, Türkiyə İsveçdə terrorun maliyyələşdirilməsi, işə cəlb edilməsi və təbliğatının davam etdiyini görür və tərəflər İsveçi bu narahatlıqları aradan qaldırmaq üçün razı salmalıdır.

NATO-nun baş katibi Yens Stoltenberq keçən həftə Türkiyəyə səfəri zamanı Türkiyənin hər iki ölkəni NATO-nun yeni üzvləri kimi ratifikasiya etməsinin "vaxtıdır" deyib.

Blinken bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuatın iştirakı olmadan görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib ki, Blinken və Ərdoğan Ukraynaya dəstək və ABŞ-ın zəlzələdən sonra Türkiyəyə yardım səylərini müzakirə edib.