Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə Yəməndəki vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman

ABŞ Dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfəri çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri ilə görüşməyə hazırlaşır.

O, daha əvvəl Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşüb və bu ilin əvvəlində amerikalıların Sudandan təxliyə edilməsində yardımına görə Dövlət Departamentinin Səudiyyə Ərəbistanına təşəkkürünü çatdırıb.

"Hər iki tərəf Yəməndə sülh, firavanlıq və təhlükəsizliyə nail olmaq üçün hərtərəfli siyasi razılaşma da daxil olmaqla, Yaxın Şərqdə və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün birgə öhdəliklərini təsdiqləyib. Dövlət katibi, həmçinin vurğulayıb ki, ikitərəfli əlaqələr insan haqları sahəsində irəliləyişlə möhkəmlənir" - deyə, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Millerin sözlərinə görə, görüş zamanı "xüsusilə təmiz enerji və texnologiya sahələrində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi" məsələləri də müzakirə olunub.

Səfərdən əvvəl Blinken bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar "İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşmasında real milli təhlükəsizlik maraqlarına malikdir".

Hələ keçmiş prezident Cimmi Karterin prezidentliyi dövründən başlayaraq, Birləşmiş Ştatlar İsraillə Misir, Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bir sıra ərəb ölkələri arasında münasibətləri normallaşdırmağa çalışıb.

Blinken İsrail tərəfdarı AIPAC lobbisinin iclasında bildirib ki, Səudiyyə Ərəbistanına səfərinin bir hissəsi İsrail-Səudiyyə münasibətlərini inkişaf etdirməyi əhatə edəcək.

"Biz inanırıq ki, onun inkişafında mühüm rol oynaya bilərik və həqiqətən də oynamalıyıq" , Blinken deyib.

Cümə axşamı Blinken və Bin Fərhan İslam Dövlətinə qarşı mübarizə aparan 80 ölkənin koalisiya toplantısına ev sahibliyi edəcək.