Blinken: Rusiya Ukraynaya “istənilən vaxt” hücum edə bilər

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Rusiyanın Ukraynaya “istənilən vaxt” hücum edə biləcəyi barədə xəbərdarlıq edib və amerikalılara Ukraynanı dərhal tərk etmələrini tövsiyə edib.

Blinken bu xəbərdarlığı Avstraliyada Quad ölkələri - ABŞ, Avstraliya, Yaponiya və Hindistan liderləri ilə görüşdən sonra edib. Blinken Ukrayna sərhədində topladığı 100 mindən çox əsgəri də olmaqla, Rusiya ilə bağlı “narahatedici əlamətlərin” olduğunu deyib.

“Əvvəllər dediyimiz kimi, işğalın hər an başlaya biləcəyi bir mərhələdəyik. Buraya Olimpiya Oyunları da daxildir” - deyə, Blinken Kanberrada keçirilən birgə mətbuat konfransında bildirib.

Blinken "Biz səfirliyimizi geri çəkməyə davam edirik. Biz bu prosesi davam etdirəcəyik. Biz açıq şəkildə Ukraynada qalan hər bir Amerika vətəndaşının ölkəni tərk etməli olduğunu bildirdik” deyib.

Rusiya Ukraynanı işğal etmək planının olmadığını iddia etsə də, Qərbin Ukrayna və keçmiş Sovet İttifaının digər ölkələrinin NATO-dan kənar tutmasını istəyir.

Soldan: ABŞ dövlət katibi Entoni Blinken, Avstraliyanın xarici işlər naziri Maris Payn, Hindistanın xarici işlər naziri S. Caişankar və Yaponiyanın xarici işlər nazir Yoşimasa Hayaşi

Blinken Avstraliyaya Bayden administrasiyasının strateji diqqətinin Asiya-Sakit okean regionunda olduğunu və Ukrayna böhranının onu əsas prioritetlərindən yayındırmayacağını göstərmək üçün səfər edir.

Blinken cümə günü Quad həmkarları ilə görüşünü Avstraliyanın xarici işlər naziri Maris Paynlə başlayıb və onunla Çin, Şimali Koreya və Ukrayna məsələlərini müzakirə edəcəyini bildirib.

Görüşlərdən sonra Quad nazirləri birgə bəyanatda üstü qapalı bir şəkildə Çinin iqtisadi və hərbi genişləməsinə istinad edərək Hind-Sakit Okean regionunun "məcburiyyətdən azad" olmasını təmin etmək üçün daha yaxın əməkdaşlıq etməyi vəd edib.

Onlar eləcə də Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan “ballistik raket sınaqlarını” pisləməklə yanaşı, koronavirus pandemiyası, kiber-təhlükələr və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirəcəklərini vəd edib.