ABŞ Dövlət Katibi Antoni Blinken cümə günü deyib ki, Rusiya növbəti həftə Avropada keçiriləcək danışıqlarda hələ də Ukrayna ilə bağlı diplomatik həll yolunu seçə bilər. O, xəbərdarlıq edib ki, Moskvanın tələbləri ABŞ-ın “diqqətini yayındırmayacaq”.
“Biz Rusiyanın növbəti təcavüzünə qətiyyətlə cavab verməyə hazırıq. Lakin Rusiyanın seçimi diplomatik həll olarsa, bu, hələ də mümkündür və buna üstünlük verilir,” Blinken bazar ertəsi Cenevrədə keçirilməsi nəzərdə tutulan ABŞ-Rusiya ikitərəfli danışıqları ərəfəsində Dövlət Departamentində keçirdiyi mətbuat brifinqində bildirib.
Blinken qeyd edib ki, on minlərlə əsgərini Ukrayna ilə sərhəddə cəmləşdirən Rusiya Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərlə əlaqədar tələblərini irəli sürməklə dünyanı “azdırır”.
“Rusiya təxribat və ya insident təşkil etsə və bundan sonra hərbi müdaxiləyə haqq qazandırmaq üçün istifadə etməyə çalışsa - ümid edərək ki, dünya bunun hiylə olduğunu başa düşənə qədər çox gec olacaq - heç kim təəccüblənməyəcək,” Blinken açıqlayıb.
Moskva ABŞ və NATO-ya qarşı NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Ukrayna və digər keçmiş Sovet respublikalarının alyansa daxil edilməyəcəyinə dair təminat da daxil olmaqla, tələblər irəli sürdükdən sonra danışıqlara getməyi təklif edib.
“Düşünürəm ki, bu, mütləq ssenarinin bir hissəsidir - tamamilə faydasız tələblərin siyahısını hazırlamaq və sonra qarşı tərəfin maraq göstərmədiyini iddia etmək və sonra bunu aqressiv hərəkət etmək üçün bəhanə kimi istifadə etmək” – deyən Blinken, “Amma məsələ ondadır ki, Rusiyada hansı təkliflərin uğursuzluğa məhkum olduğunu əvvəlcədən yaxşı bilirlər” sözlərini əlavə edib.
Blinken bildirib ki, danışıqlar zamanı diqqət mərkəzində “Rusiyanın Ukraynaya təcavüzü” olacaq.
“Biz bu məsələdən yayınmayacağıq. Çünki Ukraynada baş verənlər təkcə Ukraynaya aid deyil - bu, vaxtilə Sovet hakimiyyəti altında olmuş ölkələri əhatə edən təsir dairəsi yaratmağa çalışan Moskvanın sabitliyi pozan, təhlükəli və çox vaxt qeyri-qanuni davranışının daha geniş modelinin bir hissəsidir” deyə Dövlət Katibi vurğulayıb.