Lavrovla telefonla danışan Blinken amerikalı jurnalistin azad edilməsinə çağırıb

Dövlət katibi Antoni Blinken bazar günü Rusiya xarici işlər nazirini casusluqda ittiham olunaraq, keçən həftə həbs edilən amerikalı jurnalist Evan Gerşkoviçi azad etməyə çağırıb.

Dövlət Departamenti açıqladığı bəyanatda Gerşkoviçin adını çəkməsə də, ABŞ-ın amerikalı jurnalistin Rusiyanın qəbuledilməz şəkildə həbs etməsindən ciddi narahatlığını ifadə edib.

Telefon söhbəti əsnasında Blinken Rusiyanı jurnalistin və Rusiyada casusluq ittihamı ilə saxlanılan keçmiş dəniz piyadası Pol Uilanın dərhal azad edilməsini təmin etməyə çağırıb.

Reuters xəbər agentliyinə danışan ABŞ rəsmisi bildirib ki, bəyanatda Gerşkoviçin adı çəkilməsə də, o, istinad edilən jurnalistdir.

ABŞ qanununa əsasən bir qayda olaraq, Amerika vətəndaşı Dövlət Departamentinə şəxsi toxunulmazlığına dair imtina sənədi imzalamadığı halda onun haqqında danışmaq qadağandır.

Rusiya Xarici İşlər Nazirliyi telefon danışığı zamanı Lavrovun Blinkenə Vaşinqtonun jurnalistin həbsini siyasiləşdirməməsini deyib və Qerşkoviçin taleyini məhkəmənin təyin edəcəyini bildirib. Bu barədə Reuters xəbər agentliyi məlumat verib.

Nazir digər rusiyalı rəsmilərin dediyi kimi, jurnalistin "cinayət işləyərkən" həbs edildiyinə dair iddialarını təkrarlasa da, bu iddianı təsdiqləyən dəlil təqdim etməyib.

Bazargünkü telefon söhbəti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra Blinken və Lavrov arasında nadir birbaşa təmas olub.

The Wall Street Journal qəzetinin müxbiri Gerşkoviç çərşənbə günü Rusiya paytaxtından 1200-dən çox km aralıda yerləşən Yekaterinburq şəhərində həbs edilib

Cümə günü Moskva məhkəməsi Gerşkoviçə mayın 29-dək həbs qətimkan tədbiri seçib. O, Moskvada Lefortovo həbsxanasında saxlanılır.

The Wall Street Journal-ın baş redaktoru Emma Taker Gerşkoviçə qarşı irəli sürülən ittihamları rədd edib. O, CBS telekanalına müsahibəsində deyib ki, Blinken və Lavrovun danışdığına əmindir.

Cümə günü əməkdaşlarına mesaj göndərən Taker Rusiyanın hərəkətlərini "tamamilə əsassız" adlandırıb.

"Azad mətbuatın nümayəndəsi olan [Gershkoviç] həbs olunana qədər xəbər toplamaqla məşğul idi. Başqa fərziyələr isə yalandır," Taker The Wall Street Journal-ın kommunikasiya departamenti tərəfindən paylaşılan mesajda deyib.