Antoni Blinken İslandiyadadır

ABŞ Dövlət katibi Antoni Blinken iqlim dəyişikliyi ilə bağlı danışıqlar və Arktika Şurasının nazirlərinin iclasında iştirak etmək üçün İslandiyanın Reykyavik şəhərindədir.

Dövlət Departamenti çərşənbə axşamı İslandiya Prezidenti Qudni Yohannesson və Baş nazir Katrin Yakobsdottir ilə görüşlərində Blinkenin “İqlim dəyişikliyi, insan hüquqları, ikitərəfli əməkdaşlıq və Arktika ilə əlaqəli ABŞ-İslandiya prioritetlərini” müzakirə edəcəyini bildirib.

Onun proqramına Reykyavikdəki geotermal zavod turu da daxildir.

Çərşənbə günü Arktika Şurası nazirlər toplantısı çərçivəsində Blinken Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ilk dəfə üz-üzə görüşəcək. Görüş ABŞ və Rusiya arasında gərginliyin artdığı bir vaxta təsadüf edir və gələn ay ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan zirvə görüşünün əsasını qoyacaq.

Dövlət Departamenti Blinken və Lavrov arasındakı görüşün “Rusiya ilə daha çox proqnozlaşdırıla bilən münasibətlər” qurmağı və “qarşılıqlı maraqların olduğu sahələrdə çalışmaq” məsələsini müzakirə etmək üçün bir fürsət olduğunu bildirib.

Dövlət Departamentinin yüksək səviyyəli bir rəsmisi Blinken ilə səyahət edən jurnalistlərə Bayden administrasiyasının Rusiya ilə START nüvə silahı müqaviləsinin uzadılması barədə razılığa gəlməsi ilə əlaqədar olaraq irəlilədiyini, ancaq bununla yanaşı çətinliklərlə qarşılaşdığını qeyd edib.

Bu yaxınlarda Moskvanın Kremli tənqid edən Aleksey Navalnını həbs etməsi, Rusiyanın Ukrayna yaxınlığında hərbi qüvvələr toplaması və Rusiyada olduğuna inanan hakerlər tərəfindən ABŞ-ın ən böyük qaz kəmərinə edilən kiberhücum səbəbi ilə ABŞ-la Rusiya ilə qeyri-müəyyən vəziyyət yaranıb.

Rusiya bildirir ki, onun hökumətinin kiberhücumla əlaqəsi yoxdur. Onlar ABŞ-ı, Navalnının həbsi də daxil olmaqla, daxili məsələlərinə qarışmaqda günahlandırıb.

İslandiyaya getməzdən əvvəl Blinken Danimarkada olub və iqtisadi, təhlükəsizlik və iqlim məsələləri, eləcə də Bayden administrasiyasının ABŞ müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək səyləri ilə bağlı danışıqlar aparıb.