Blinken: ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etməsi üçün "uzun bir yol" qət edilməlidir

ABŞ-ın ən yüksək səviyyəli diplomatı Entoni Blinken Vaşinqtonun əvvəlki ABŞ rəhbərliyinin çıxdığı müqaviləyə yenidən qoşulmazdan əvvəl Tehranın 2015-ci ildə dünya güdrətləri ilə imzalanan nüvə sazişini pozub-pozmayacağına əmin olmaq istədiyini və buna görə də ABŞ-ın İrana qarşı sanksiyalarının bir müddət qüvvədə qalacağına işarə edib.

Dövlət katibi kimi and içdikdən sonra çərşənbə günü ilk mətbuat konfransında Blinken deyib ki, İran nüvə razılığına əməl etməyə davam etsə, ABŞ Prezidenti Co Baydenin seçkiqabağı kampaniyasında vəd etdiyi Hərtərəfli Ortaq Plan (JCPOA) olaraq bilinən razılaşmaya yenidən qoşulmaq üçün "uzun bir yol" qət edilməli olacaq.

“İran bir sıra öhdəliklərdən kənara çıxıb və o, yenidən razılaşmaya qayıtmağa qərar verərsə, bunu etmək və bizim İranın bütün öhdəliklərini yerinə yetirib-yütirmədiyini qiymətləndirməyimiz üçün vaxt tələb olunacaq. Yəni biz hələ orada deyilik” - deyə, Blinken bildirib.

Keçən həftə vəzifəsinin icrasına başlayan Bayden İrana nüvə razılığına “ciddi şəkildə əməl etməyə” başladığı, nüvə silahları istehsalına yönəldilə bilən nüvə fəaliyyətlərini dayandırmağa razı olduğu təqdirdə İrana “diplomatiyaya geri dönmək üçün etibarlı bir yolu” təklif edəcəyini vəd edib.

İran ABŞ-ın keçmiş Prezidenti Donald Trampın 2018-ci ildə razılaşmadan çıxmasından və Tehrana qarşı sanksiyaları birtərəfli şəkildə sərtləşdirməsindən sonra qisas almaq üçün 2019-cu ildən bəri JCPOA nüvə razılığını pozmaqda davam edir.