ABŞ Dövlət Katibi Antoni Blinken Rusiyanın Ukraynaya müdaxiləsinə mane olmaq məqsədi daşıyan sürətli diplomatik tur çərçivəsində Avropanın əsas müttəfiqləri ilə görüşmək üçün cümə axşamı Berlinə gedib.
Berlində çıxış edən dövlət katibi “Rusiya Ukraynanı təhdid etməkdə davam edir. Avropa və Şimali Amerikada təxminən bir milyard insanı qoruyan, dünya boyu beynəlxalq və təhlükəsizlik prinsiplərini rəhbər tutan NATO-ya təhdidlərini davam etdirir" - deyə, bildirib.
"Bu böhran əlslində nə silah, nə də hərbi baza problemidir. Burada söhbət Ukraynanın və keçmiş Sovet respublikalarının suverenliyindən gedir. Söhbət Rusiyanın soyuq müharibədən sonrakı azad və müstəqil Avropa görmək istəməməsindən gedir" deyib, Blinken.
“Əgər Rusiyaya bu prinsipləri pozmağa yol verilsə, o, bizim hamımızı daha təhlükəli və qeyri-sabit bir zamana qaytaracaq” - deyə o, davam edib.
“Ona görə də ABŞ və Avropadakı tərəfdaşlarımız Ukraynada baş verənlərə bu qədər diqqət yetirir. Bu, iki ölkə arasındakı münaqişədən daha çox Rusiya ilə NATO arasındakı qarşıdurmadır. Bu, qlobal nəticələri olan böhrandır. Və bu, bütün dünya tərəfindən diqqət və addımlar tələb edir", Blinken deyib.
“Rusiya öz hərəkətlərini Ukraynanın onun təhlükəsizliyini hansısa formada təhdid edə bilməsi ilə əsaslandırır. Bu isə reallığı başı aşağa döndərir. Ətrafdakı qoşunlar kimlərdir? Hansı ölkə xarici ərazini zəbt edib? Hansı ordu digərindən üstündür? Hansı ölkədə nüvə silahı var? Ukrayna burada təcavüzkar deyil. Ukrayna sadəcə sağ qalmağa çalışır" - deyib, dövlət katibi.
Dövlət katibi Ukrayna üçün riskin son dərəcə yüksək olduğunu vurğulayıb. Blinken “Söhbət təkcə mümkün işğal və müharibədən getmir. Ukraynanın suveren dövlət kimi mövcud olmaq hüququnun olub-olmamasından, Ukraynanın demokratik bir dövlət olmaq hüququnun olub-olmamasından gedir“ deyib.
Blinken cümə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə vacib danışıqlardan əvvəl Fransa və Almaniyadan olan həmkarları, eləcə də Böyük Britaniyanın kiçik xarici işlər naziri ilə vahid cəbhə yaratmağa çalışacaq.
Bununla belə, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Aİ-ni Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə planlaşdırması ilə bağlı artan narahatlıqlar səbəbindən Rusiya ilə gərginliyi azaltmaq təklifləri ilə tez bir zamanda yeni təhlükəsizlik planı hazırlamağa çağırıb.
Makron bildirib ki, Aİ yaxın həftələrdə “yeni təhlükəsizlik və sabitlik nizamı üçün Avropa təklifi formalaşdırmalıdır”.
“Biz bunu avropalılarla işləməli, sonra NATO daxilindəki müttəfiqlərimizlə bölüşməli, daha sonra isə Rusiya ilə danışıqlara daxil etməliyik” - deyə, o əlavə edib.
Almaniya kansleri Olaf Şolz deyib ki, Avropada sərhədlər “güc tətbiqi ilə dəyişdirilməməlidir”. O, Rusiya tərəfi "qətiyyətimizdən xəbərdardır” deyib. “Ümid edirəm ki, əməkdaşlığın faydalarının gələcək qarşıdurmada itirəcəklərindən daha çox olduğunu başa düşürlər" - deyə, kansler əlavə edib.
Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında toplanması o deməkdir ki, prezident Vladimir Putin az və ya heç bir xəbərdarlıq etmədən Ukraynaya hücum əmri verə bilər.
Bunu çərşənbə günü ABŞ Dövlət Katibi Antoni Blinken Ukraynaya səfəri zamanı deyib.
Blinkenin sözlərinə görə, o, Moskvanın diplomatik və sülh yolu ilə gedə biləcəyinə çox ümid edir.
O, bu həftə Cenevrədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşərək Ukrayna ilə əlaqədar gərginliyin azaldılması ilə bağlı əlavə danışıqlar aparacaq.
“Biz bilirik ki, qısa müddətdə Rusiya qüvvələrini daha da artırmaq planları var və bu, prezident Putinə Ukraynaya qarşı daha aqressiv addımlar atmaq imkanı verir - həm də demək olar ki, heç bir xəbərdarlıq etmədən” - deyə, Blinken ABŞ-ın Kyivdəki səfirliyində diplomatlara deyib.
Təxminən 100 min rus əsgərinin Ukraynanın şərq sərhədi yaxınlığında cəmləşməsi Moskvanın qonşusuna qarşı hərbi əməliyyatlar planlaşdırması ilə bağlı narahatlıqları artırıb.