Dövlət katibi Antoni Blinken İsrail HƏMAS militant qrupunun dəhşətli hücumlarına cavab verdiyi bir vaxt ölkəyə dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün İsraildə səfərdədir. Blinken İsrailin HƏMAS-ın girov saxladığı insanları azad etməyə çalışdığı bir vaxt nələrə ehtiyacının olduğunu öyrənmək üçün İsrailin yüksək vəzifəli rəsmiləri ilə görüşüb.
İsrailin şimalında Masada kibbutzunun sakinləri iki dəfə xəbərdarlıq sirenasının səslənməsindən sonra sığınacağa qaçıblar. İsrail ordusu Livandan İsrailin şimalına “havadan infiltrasiya”dan şübhələndiyini bildirib, ancaq daha sonra şimaldan ölkəyə heç bir sızmanın olmadığını deyib.
HƏMAS militantları şənbə günü amansız hücumlara başlayandan bəri İsrail və Qəzzada 2300-dən çox insan öldürülüb, minlərlə insan yaralanıb. Hücum nəticəsində İsrailin müharibə elan edib, fövqəladə hökumət formalaşdırıb.
ABŞ Prezidenti Co Bayden özü və milli təhlükəsizlik komandasının gecə-gündüz bu münaqişə üzərində işlədiyini təsdiqləyib və bildirib ki, o və vitse-prezident Kamala Harris çərşənbə günü yenidən İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb.
“Biz bu məqamda açıq olmalıyıq. Terrora heç bir bəraət qazandırmaq olmaq, bunun heç bir bəhanəsi yoxdur və burada nümayiş etdirilən terrorun növü ağlasığmazdır. Dünən dediyim kimi, mənim İsrailin və yəhudi xalqının təhlükəsizliyinə sadiqliyim sarsılmazdır,” o deyib.
Bayden baş diplomatını, dövlət katibi Antoni Blinkeni həmrəylik əlaməti olaraq İsrailə göndərib. Münaqişə regionuna getmədən öncə Blinken vəziyyətdən sui-istifadə etməyə çalışa biləcək hər hansı bir ölkəyə bunları deyib:
“Bildiyiniz kimi, prezident İsrailə qarşı hər hansı növbəti aqressiya aktını nəzərdən keçirən hər kəsin qarşısını almaq cəhdimizi açıq şəkildə göstərmək üçün regiona ən böyük aviadaşıyıcısını göndərib,” Antoni Blinken deyib.
Blinken deyib ki, ABŞ həmçinin diqqətini öz vətəndaşlarına yönəldib – 22 amerikalı ölüb və bu rəqəm arta bilər. Ağ Ev bildirib ki, 17 amerikalı hələ də itkin düşüb və administrasiyasının onların vəziyyəti ilə bağlı heç bir məlumatı yoxdur.
Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib ki, o, mütəmadi olaraq Yaxın Şərqdəki liderlərlə ünsiyyətdədir və münaqişənin regiona “yayılması”ndan narahatdır.
“Mən Mavi Xətt boyunca baş verən son atışmalardan və Livanın cənubundan hücumlarla bağlı xəbərlərdən narahatam. Mən bütün tərəfləri və həmin tərəflər üzərində təsir gücünə malik olanları hər hansı əlavə eskalasiyadan və münaqişənin yayılmasından yayınmağa çağırıram,” o deyib.
Quterreş həmçinin HƏMAS -ı bütün israilli girovları sərbəst buraxmağa çağırıb və mülki vətəndaşların hər zaman qorunmalı və beynəlxalq humanitar qanuna riayət edilməli olduğunu vurğulayıb. O deyib ki, təxminən 220 min fələstinli hazırda Qəzza boyu BMT-nin 92 təsisinə yerləşdirilib və BMT-nin binaları, xəstəxanaları, məktəbləri və klinikaları heç vaxt hədəf alınmamalıdır.
Daha sonra isə çərşənbə günü Bayden yəhudi icmasının liderləri ilə dəyirmi masada bir araya gələrək, HƏMAS-ın terror hücumlarından sonra onlara baş sağlığını çatdırıb və İsrailə sarsılmaz dəstəyini ifadə edib.