Blinken ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması ilə bağlı qanunvericilər qarşısında ifadə verməyə davam edir

ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinkenin Senatın Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı qanunvericilərin qarşısına çıxdığı zaman keçən ay Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı çətin sualları bir daha cavablandırmalı olacağı gözlənilir.

Bazar ertəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində beş saat davam edən video-konfrans zamanı Blinken bəzi qanunvericilərin sərt və qəzəbli suallarına tərəddüd etmədən cavab verərək, Bayden administrasiyasının 20 ildən sonra hərbi qüvvələrin Əfqanıstandan çıxarma qərarını qətiyyətlə müdafiə edib.

Ölkənin yüksək səviyyəli diplomatı deyib ki, ABŞ Prezidenti Co Bayden müharibəni davam etmək qərarına gəlsəydi "özümüzü müdafiə etmək və Talibanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün oraya daha çox ABŞ qüvvəsi göndərməli olacaqdı və daha şox qurbanlar veriləcəkdi. Bu təqdirdə, ABŞ ordusu ən yaxşı halda çıxılmaz vəziyyətin bərpası perspektivi ilə orada qeyri-müəyyən müddət atəş altında qalmalı olacaqdı."

"Əfqanıstanda uzun müddət qalmağın bu ölkənin təhlükəsizlik qüvvələrini və ya hökumətini daha möhkəm və daha dözümlü hala gətirəcəyinə dair heç bir dəlil yoxdur. 20 il və yüz milyardlarla dollarlıq dəstək, avadanlıq və təlimlər kifayət etmədisə, daha bir, beş və ya on il kifayət edəcəkdimi?" - deyə, Blinken bildirib.

Taliban üsyançıları avqustun ortalarında ölkəni ələ keçirdiyi zaman Əfqanıstan Prezidenti Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərinə qaçıb. Birləşmiş Ştatlar təxminən 5500-ü amerikalı, əksəriyyəti isə əfqan olmaqla, 124 min nəfəri Kabil hava limanından təxliyə edib və təxminən 100 amerikalı Əfqanıstanda qalıb.

Bəzi amerikalılar sonradan Talibanın razılığı ilə quru yolla və ya bir neçə çarter təyyarəsi ilə ölkəni tərk edə bilib. Lakin Blinken keçən həftənin sonuna qədər Əfqanıstanda təxminən 100 amerikalının qaldığını bildirib.

Blinken Taliban ölkə daxilində irəliləsə belə, ABŞ rəsmilərinin Əfqanıstan hökumətinin süqutunun bu qədər tez bir zamanda baş verəcəyini gözləmədiklərini deyib.

Evakuasiyanın böyük hissəsi başa çatsa da ABŞ-ın yüksək səviyyəli diplomatı "ölkəni tərk etmək istəyən amerikalıların, əfqanların və müttəfiq ölkə vətəndaşlarının Əfqanıstanı tərk etmələrinə yardım etmək üçün səylərimizi davam etdiririk" deyib.

Müxalif Respublikaçı qanunvericilər və Baydenin bəzi Demokrat həmkarları prezidentin hərbi qüvvələr, müharibə dövründə ABŞ qüvvələrində tərcüməçi və məsləhətçi kimi işləyən minlərlə əfqan və Amerika vətəndaşlarının Əfqanıstandan çıxarılması ilə bağlı səylərini tənqid edib.

Tənqidlər əsasən də Əfqanıstandan hərbi qüvvələrin çıxarılmasının son günlərində Kabil hava limanında intiharçı bomba hücumu nəticəsində ABŞ-ın 13 hərbçisinin həyatını itirməsindən sonra artıb. Hücumun məsuliyyətini Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplaşmasının Əfqanıstandakı qolu olan Xorasan İslam Dövləti qrupu öz üzərinə götürüb.