Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, 600-ə yaxın Rusiya şirkəti Azərbaycan iqtisadiyyatına 3 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub. Nazir müavini əlavə edib ki, 2015-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Bunun 1,5 mlrd dolları Rusiyadan idxaldır. Mayın 1-i üçün ticarət həcmi 470 mln dollar təşkil edib.

Yeni Layihələr üzrə Strateji Təşəbbüslər Agentliyinin direktoru Andrey Nikitinin sözlərinə görə, real sektor, energetika və humanitar sahə qarşılıqlı maraq kəsb edir.

Biznes-forumun yekunlarına dair iki ölkənin biznes-strukturları arasında əməkdaşlıq üzrə 4 sənəd imzalanıb. Belə ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Delovaya Rossiya” Ümumrusiya ictimai təşkilatı arasında əməkdaşlığa dair memorandum, bundan başqa, AZPROMO ilə “UK Viktoriya Esteyt” MMC arasında Moskva vilayətinin ərazisi (“Viktoria İndustrial Park” sənaye parkı) və Azərbaycan ərazisində sənaye sahəsində investisiya layihələrinin təşviqinə dair sənəd imzalanıb.

Həmçinin, AZPROMO ilə “VTB Bank (Azerbaijan)” arasında əməkdaşlığa dair memorandum, Rusiyanın “Р-Фарм”, Azərbaycanın “Vita-A” və “Azərbaycan İnvestisya Şirkəti” ASC arasında respublikada əczaçılıq məhsullarının istehsalının təşkilinə dair sənəd imzalanıb.

Belə ki, yerli və Rusiya biznesinin birgə iştirakı ilə Azərbaycanda yüksək texnologiyalı əczaçılıq müəssisəsinin inşası planlaşdırılır. Layihəni “Vita – A” şirkəti (Azərbaycan) öz tərəfdaşları “R-Farm” (Rusiya) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə birlikdə həyata keçirmək niyyətindədir.

Bununla bağlı Rusiya-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası ərazisində beynəlxalq standartlara və tələblərə uyğun əczaçılıq məhsullarının müasir istehsalının təşkilinə dair anlaşma memorandumu imzalanıb.

Layihə çərçivəsində analitik və texnoloji transferlər keçiriləcək, əczaçılıq sahəsində yüksək ixtisaslı lokal iş yerləri yaradılacaq.

Əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun olaraq istehsalının təşkili üç ardıcıl mərhələyə bölünəcək: 1) qablaşdırma istehsalının təşkili, 2) yarımməhsullardan ibarət istehsalın təşkili; 3) tam silsilənin istehsalının təşkili.

İnvestisiyanın ilkin təxmini ümumi həcmi 70 milyon avronu ötür. Birgə müəssisənin 2019-cu ilin sonlarına tam layihə gücünə çıxacağı gözlənilir.

“Texnologiyaların transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəliklərin terapiyası, HİV/AİDS, müxtəlif tip viruslu hepatitlərin və digər xəstəliklərin müalicəsi üçün yüksək effektli dərman vasitələri istehsal edə biləcək”, “R-Farm” Direktorlar Şurasının sədri Aleksey Repik bildirib.

“Bu layihə yeni əczaçılıq sahəsinin inkişafında Rusiya-Azərbaycan töhfəsi olacaq, bizim ölkənin ixrac potensialının gələcəkdə genişləndirilməsinə xidmət edəcək”,- “Vita-A” şirkətinin baş direktoru Murad Sadıxov bildirib.

“Həyat Farm” birgə müəssisəsində 55 faiz iştirak payı “Vita-A” MMC-yə, 45 faiz “R- Farm” şirkətinə məxsusdur. Razılaşmaya əsasən birgə layihənin biznes planı işlənilərək təsisçilər tərəfindən təsdiq edildikdən sonra “Vita-A” şirkətinin “Həyat Farm” şirkətindəki iştirak payının 10 faizinin AİŞ tərəfindən əldə edilməsi nəzərdə tutulur.