Bir sıra müxalifət qurumları Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirəcək

Mərkəzi Seçki Komissiyası

Bazar günü, fevralın 16-da bir sıra müxlifət partiyaları və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirəcək.

Bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) rəhbəri İlqar Məmmədov facebook səhifəsində yazıb.

O qeyd edib ki, hakimiyyətin təklif etdiyi kimi, mitinqin Lökbatanda stadionda keçirilməsində bir qəbahət yoxdur.

“Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevralda dinc etiraz mitinqimiz MSK-nın binası qarşısında olacaq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-da saat 15-dən 16-dək MSK-nın binası qarşısındakı ərazidə keçirəcəyik,” İlqar Məmmədov yazıb.

O qeyd edib ki, aksiya ilə bağlı şəhər administrasiyasına müvafiq xəbərdarlıq göndərilib.

Bu məlumatı Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli də təsdiqləyib.

Fevralın 11-də REAL, Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər Fərhad Mehdiyev və Günel Səfərli seçkilərin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da 28 May metro stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə bildiriş ilə şəhər meriyasına müraciət edib.

Lakin meriya aksiyanı Lökbatanda keçirməyi təklif edib.

Fevralın 13-də təşkilatçılar növbəti müraciəti göndərib. Lakin bu dəfə də meriya Lökbatanı təklif edib.

Fevralın 14-də təşkilatçılar paytaxtın Polis İdarəsinə çağırılıblar və onlara xəbərdarlıq edilib ki, başqa yerdə keçiriləcək mitinqin qarşısı alınacaq.