Gürcüstanın baş naziri Azərbaycana ucuz qaz üçün təşəkkür edib

Gürcüstanın baş naziri Bidzina İvanişvili

Gürcüstanda əhali üçün qaz tarifləri yaşayış yerindən asılı olaraq fərqlidir. Məsələn, Tbilisi sakinləri hər kubmetr qaz üçün 51 tetri (0,31 dollar) ödəyir
Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycana ölkəsinə aşağı qiymətlə təbii qaz ixrac etdiyi üçün təşəkkür edib.

“Fürsətdən istifadə edərək, qonşu və dost ölkə Azərbaycana Gürcüstana qazı yaxşı qiymətlərlə satdığı üçün təşəkkür edirəm. Biz qazı həqiqətən ucuz alırıq. Bu, bizim dostluq və ticari münasibətlərimizin nəticəsidir”, deyə İvanişvili dekabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Bununla yanaşı, baş nazir hökumətin əhali üçün təbii qaz tariflərini nəzərəçarpacaq dərəcədə azalda bilməyəcəyindən təəssüfünü bildirib.

“Bizim qazın qiymətini əhəmiyyətli dərəcədə azaltmaq üçün ehtiyatımız yoxdur, buna baxmayaraq, biz qazın qiymətini rəmzi olaraq azalda biləcəyik. Biz Azərbaycandan qazı yaxşı qiymətə alırıq, lakin tarifləri indiyədək azalda bilməməyimizin müxtəlif mürəkkəb səbəbləri var, indi onları araşdırırıq və tezliklə cəmiyyət üçün hər şey aydın olacaq”, deyə İvanişvili qeyd edib.

Gürcüstanda əhali üçün qaz tarifləri yaşayış yerindən asılı olaraq fərqlidir. Məsələn, Tbilisi sakinləri hər kubmetr qaz üçün 51 tetri (0,31 dollar) ödəyir.