Co Bayden Ukraynaya əlavə 675 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

ABŞ Müdafiə naziri Lloyd Ostin cümə axşamı Prezident Co Baydenin Ukraynaya əlavə 675 milyon dollarlıq hərbi yardımı təsdiqlədiyini bildirib.

Almaniyada onlarla ölkənin müdafiə nazirlərinin iştirakı ilə keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun toplantısında çıxış edən Ostin deyib ki, yardım haubitsa, artilleriya sursatları, zirehli texnika və tank əleyhinə sistemlərdən ibarət olacaq.

Ostin Ukrayna qüvvələrinin ölkənin cənubunda əks-hücum əməliyyatı apardığı bir vaxt Ukraynadakı müharibənin"başqa bir əsas məqamda olduğunu" və "indi biz döyüş meydanında ümumi səylərimizin uğurunu görürük" deyib.

O, həmçinin təmas qrupunun Ukrayna qüvvələrinə təlim keçmək və Ukraynanın müdafiə ehtiyaclarını uzunmüddətli perspektivdə qarşılamaq üçün birlikdə çalışacağını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkiv vilayətindən "yaxşı xəbər" gəldiyini, Ukrayna qüvvələrinin bəzi şəhərləri Rusiya ordusundan geri aldığını bildirib.

Zelenski son video-müraciətində bir neçə Ukrayna bölməsini xüsusi qeyd edərək, onların döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışıb.

O, həmçinin bildirib ki, Ukrayna artilleriyası Ukraynanın cənubunda Rusiya qüvvələrinə uğurlu zərbələr endirib.