Prezident Co Bayden Vladimir Putini "rasional oyunçu" (məqsədyönlü) olduğunu, lakin onun Ukraynaya hücumu zamanı Ukrayna xalqının müqavimətini yatırmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini deyib. Bayden bunu çərşənbə günü axşam CNN tele-kanalında yayımlanan eksklüziv müsahibəsində səsləndirib.
"Fikrimcə o, çox pis hesablayan rasional oyunçudur" - deyə, Bayden jurnalist Ceyk Tapperə verdiyi müsahibəsində bildirib.
Bayden çərşənbə axşamı Putini rasional siyasətçi hesab etdiyini desə də, Putinin bu ilin fevralında müharibəyə başladığı zaman elan etdiyi məqsədləri "gülünc" adlandırıb.
"Onun dediklərinə qulaq asın. Onun bu qərardan sonra etdiyi çıxışına qulaq asın. O, bütün rusdillilərin birləşdiyi Rusiyanın lideri olmağın zəruriliyini bəyan etdi. Məncə bu, ağılsızlıqdır" , Bayden deyib.
Baydenin sözlərinə görə, Putin təkəbbürlə ukraynalıların Rusiyaya boyun əyəcəyini güman edirdi, lakin onun bu təsəvvürü ölkə içərisindəki şiddətli müqavimətlə alt-üst oldu.
Bayden "Düşünürəm ki, onun məqsədləri rasional deyildi. O, onu qollarını açaraq qarşılayacaqlarını, Kyivin ana Rusiyanın vətəni olacağını və orada alqışlanacağını düşünürdü və mən hesab edirəm ki, o, sadəcə olaraq tamamilə səhvə yol verib" deyib.
Keçən həftə son 60 ildə ən yüksək nüvə riski, "Armageddon" barədə xəbərdarlıq edən Bayden verdiyi müsahibəsində Rusiyanın təhdidlərinin fəlakətli "səhvlərə" və "yanlış hesablamalara" səbəb ola biləcəyini desə də, ABŞ-ın buna dəqiq necə cavab verəcəyi barədə ətraflı məlumat verməkdən imtina edib.
Gələn ay İndoneziyada keçiriləcək G20 sammitində Putinlə görüşüb-görülməyəcəyi ilə bağlı sualın cavabında Bayden danışıqlar aparmaq üçün heç bir tutarlı səbəb görmədiyini bildirib.
"Bu, konkret olaraq nə haqqında danışmaq istədiyindən asılı olacaq" deyən Bayden əlavə edib ki, əgər Putin həbsdə olan amerikalı basketbol ulduzu Britni Qrinerin azadlığa buraxılmasını müzakirə etmək istəsə, o, (ABŞ prezidenti) belə bir söhbətə açıq olacaq.
"Düşünürəm ki, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşmək üçün heç bir səbəb görmürəm" - deyə, prezident əlavə edib.