Prezident Co Bayden və birinci ledi Cill Bayden oktaybrın 25-də kütləvi atışma nəticəsində ölən 18 nəfərin ailələri ilə görüşmək üçün cümə günü Meyn ştatının Leviston şəhərinə yola düşür.
“Prezident Bayden icmalarımızı parçalayan silah zorakılığı epidemiyasını dayandırmaq üçün əlindən gələni etməyə və Konqresi silah təhlükəsizliyi qanunvericiliyi ilə bağlı hərəkətə keçməyə çağırmağa sadiqdir,” Ağ Evin Silah Zorakılığının Qarşısının Alınmas Ofisinin başçısı Stefani Feldman deyib.
Levistonda ikən prezident və birinci ledi qurbanların ailələri habelə təcili tibbi yardım komandaları, tibb bacıları və başqa ilk yardım işçiləri ilə görüşəcək. Baydenlər həmçinin atışmanın baş verdiyi Bar & Grille və Just-in-Time Recreation-dakı memorialları ziyarət edəcək.
Meynin qubernatoru Canet Mills Baydenləri dəvət edərək, prezidenti “ötən həftə baş verən dəhşətli faciədən sonra sarsılmaz dəstəyinə görə” alqışlayıb.
“Bizi ehtiyacımız olduğu bir vaxtda ziyarət etməklə prezident və birinci ledi açıq göstərirlər ki, bütün xalq Leviston və Meynin yanındadır və buna da görə də mən dərindən minnətdaram.”
Bir çox Leviston sakini atəş açdığı iddia edilən şəxsin silahı necə və nə üçün əldə edə bildiyi ilə bağlı suallar qaldırıb.
Müstəntiqlər deyir ki, qətllərdən iki gün sonra öz-özünü vurduğu güllə yarasından ölü tapılan ABŞ ordusunun ehtiyatda olan əsgəri bu yay psixiatriya müəssisəsində müalicə olub. Ordu göstəriş verib ki, Kard vəzifəsini icra edərkən “silahı olmamalı, döyüş sursatı ilə işləməməli və canlı atəş fəaliyyətində iştirak etməməlidir.”