İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından bir neçə saat sonra ABŞ prezidenti Co Bayden Qəzzada müharibədən sonrakı siyasi məqsəd kimi gələcək Fələstin dövlətinin yaranması ilə bağlı Netanyahu ilə olan fikir ayrılığının əhəmiyyətini azaldıb.
Bayden cümə günü Ağ Evdə müxbirlərə deyib ki, o, “iki dövlətli həll yollunun bir sıra növlərinin olduğuna” və Netanyahunun onlardan birinə açıq ola biləcəyinə inanır.
“BMT-nin üzvü olan bir sıra ölkələr var ki, onların öz ordusu yoxdur, bir sıra dövlətlərin məhdudiyyətləri var. Ona görə də, mən düşünürəm ki, bizim bunu həll edə biləcəyimiz yollar var,” deyə Bayden Qəzzanın gələcəyi ilə bağlı Netanyahu ilə söhbətləri haqqında indiyə qədər ən çox təfərrüatı bölüşərək deyib.
Bayden həmçinin İsrail və fələstinlilər arasında iki dövlətli həll yolunun ölkə tarixindəki ən sərt xətt tərəfdarı olan hazırkı İsrail hökuməti ilə əldə edilə bilməyəcəyinə dair fikri də rədd edib.
Yaxın Şərq, İranın dəstəklədiyi HƏMAS oktyabrın 7-də İsrailə terror hücumu edərək, İsrailin bildirdiyinə görə, 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürəndən sonra qaynar nöqtəyə çevrilib. HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə isə, İsrailin cavabı nəticəsində 24 mindən çox insan ölüb, onların böyük əksəriyyəti qadın və uşaqlardır.
Netanyahu cümə axşamı bildirib ki, o, Birləşmiş Ştatlara Vaşinqtonun İsrailin HƏMAS-la müharibəsindən sonra Fələstin dövlətinin yaranmasına uzun müddətdir verdiyi dəstəyinə qarşı çıxır və bu, bəzi Demokrat qanunvericilərin tənqidinə səbəb olub. Ağ Ev Netanyahunun bəyanatınının təxminən son bir ayda ilk dəfə cümə günü telefon danışığının təyin edilməsində amil olduğunu təkzib edib.
Ağ Ev eyni zamanda iki-dövlətli həll yolu ilə İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına vasitəçilik etməyə ümid bəsləyir.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə günü Ağ Evdə mətbuat brifinqində deyib ki, Bayden və Netanyahu həmçinin HƏMAS-ın saxladığı digər girovların sərbəst buraxılmasını təmin etmək səylərini və İsrailin daha hədəfli hərbi əməliyyatlara keçidini müzakirə edib.
Amerikanın Səsinin Baydenin Netanyahunu fikrini dəyişməyə inandırıla biləcəyinə inanıb-inanmadığına dair suala cavab olaraq Kirbi deyib ki, prezident hələ də iki dövlətli həll yolunun “vədi və mümkünlüyünə” inanır.
“O, bunun ağır iş və liderlik tələb edəcəyinə inanır,” Kirbi deyib.
Husilərə əlavə hücumlar
Kirbi ABŞ qüvvələrinin Yəməndəki husi hədəflərinə üç “özünümüdafiə zərbəsi” həyata keçirdiyini açıqlayıb.
“Bu, ABŞ ordusunun son bir həftə ərzində hücum etməyə hazır olan raket buraxılış sistemlərinə qarşı gördüyü dördüncü qabaqlayıcı tədbirdir,” o deyib.
Administrasiya Qırmızı dənizdə və Ədən körfəzində beynəlxalq gəmilərə həftələrlə davam edən raket və dron hücumlarından sonra bu həftənin əvvəlində İranın dəstəklədiyi silahlı qruplaşmanı yenidən xüsusi qlobal terror qruplaşması kimi tanıyıb.
Husilər deyir ki, onların Qırmızı dənizdə qlobal gəmiçiliyə hücumları İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsini dayandırmaq məqsədi daşıyır. Kirbi isə bunu rədd edir.
“Bunun necəsə Qəzza ilə əlaqəsi olduğuna dair düşüncə sadəcə olaraq faktlarla uyğun gəlmir,” o, Amerikanın Səsininin sualına cavab olaraq deyib. “Onların hədəf aldığı gəmilərin çoxunun İsraillə heç bir əlaqəsi yoxdur.”
O, husilərin hücumlarının İsraili atəşkəsə sövq edib-etməmək barədə administrasiyanın hesablamalarına təsir etmədiyini vurğulayıb.